Uzun müddətdir ki, ölkənin ucqar rayonlarından olan Lerik problemlər məngənəsində boğulur. Belə ki, rayon sakinləri işsizlikdən, sosial qayğılardan əziyyət çəkməklə yanaşı, bəzi yerli məmurların onlara əlavə problemlər yaratmasından da əziyyət çəkirlər. Bu və digər önəmli məqamlarla bağlı redaksiyamızı bilgiləndirən məlumatlı şəxsin sözlərinə görə, 2 aprel 2007-ci il tarixdən Lerik Rayon İcra Hakimiyyəti başçısı vəzifəsində çalışan Rövşən Bağırov əhali ilə normal ünsiyyət qura, onların üzləşdiyi çətinlikləri aradan qaldıra bilmir.
Xalqxeber.az-a istinadən deyə bilərik ki, Lerik rayon icra başçısı bəzi məsələləri ən yaxın adamlarından olan birinci müavini Cəlil Baxşiyevlə məsləhətləşdikdən sonra reallaşdırır. Bundan istifadə edən Cəlil Baxşiyev isə rayon sakinlərini təngə gətirib.
Rövşən Bağırovun müavinin etdiyi özbaşınalıqlardan biri digərlərinə nisbətən daha çox səs-küyə səbəb olmuşdu. Belə ki, rus əsilli Lerik sakini icra başçısının müavininin qəbulunda olarkən problemləri barədə danışıb və qarşı tərəfdən ona yardımçı olmasını xahiş edib. Rövşən Bağırovun sağ əli kimi tanınan Cəlil Baxşiyev isə "anan rusdur, get köməyi Putindən istə" deyərək şikayətçini kabinetindən qovub. Hələ bu, harasıdır. Bir müddət əvvəl rayonun Zuvand kənd sakinləri birinci müavindən Prezident Administrasiyasına şikayət ərizəsi yazıblar. Ərizəyə səbəb isə Cəlil Baxşiyevin bu kənddəki torpaq sahələrini ələ keçirmək cəhdləri olub. Məhz bu ərizədən sonra Rövşən Bağırovun müavini bir müddətlik məqsədindən vaz keçimişdi, lakin ara sakitləşən kimi yenə öz işlərinə davam etmişdi.
Lerikin icra başçısının kim olduğunu müəyyən etmək artıq müşkül məsələyə çevrilib.
Əldə etdiyimiz bilgilərdə o da qeyd olunur ki, Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovun təhsil, səhiyyə və digər sahələrdə apardığı siyasət, eyni zamanda hazırda rayonda baş verən bir sıra neqativ hallar, büdcə vəsaitlərinin abadlıq işlərinə xərclənməsi adı altında mənimsənilməsi, eləcə də sahibkarlara qarşı sərgilənən amansız mövqe əhalinin ciddi narazılığına səbəb olur.