Redaksiyamıza Oğuz şəhəri, Səməd Vurğun küçəsi 2-də yaşayan Xosalı köçkünü Quliyeva Tamella Həsən qızının dövlət başçısı İ.Əliyevə ünvanlı
müraciəti daxil olub.
Müraciətdə deyilir:
«Çox hörmətli cənab Prezident!
Siz daim məcburi köçkünlərin qayğısını çəkirsiniz. Dəfələrlə rəsmi çıxışlarınızda məmurlara məcburi köçkünlərin qayğısına qalmalarını, problemləri ilə maraqlanmalarını tapşırmısınız.
Mən də Xocalıdan məcburi köçkünəm, üç qız anasıyam. Övladlarımı dövlətin qayğısı sayəsində tərbiyə edirəm, oxuduram.
2011-ci ildə Əmlak Məsələləri Dövlət Komitəsinin Oğuz rayon şöbəsinin razılığı və köməkliyi ilə onlara məxsus Oğuz şəhər Səməd Vurğun küçəsində yerləşən binaya köçüb və bu günə kimi orada yaşayırıq. Hətta bir neçə ay icarə haqqı da ödəmişəm.
2016-cı il yağmurlu keçdiyindən yaşadığımız evə damdan su axmağa başladı. Özümün imkanım olmadığından qohumlarımdan və yaxınlarımdan evin damını təmir etdirmək üçün borc pul aldım.
Fikirləşdim ki, sonra Əmlak Məsələləri Dövlət Komitəsinin Oğuz rayon şöbəsi, yaxud «Qaçqınkom» tərəfindən vəsait ayrılar, mən də başqalarından aldığım borcu ödəyərəm. Beləliklə, başqalarından aldığım borcla yaşadığım evin damını təmir etdirdim.
Sonra mən «Qaçqınkom» və Oğuz rayon İcra Hakimiyyətinə müraciət etdim. Əmlak Məsələləri Dövlət Komitəsinin Oğuz rayon şöbəsindən iki nümayəndə gəlib aparılan təmir işinə baxdılar, şəkillər çəkib, təmirə sərf olunan materialların sənədlərini özləri ilə apardılar. Bir müddətdən sonra Əmlak Məsələləri Dövlət Komitəsinin Oğuz rayon şöbəsindən mənə məktub gəldi ki, təmirə sərf olunan xərci Nazirlər Kabinetinin 1999-cu il 200 №-li qərarının 6-cı bəndinin tələblərinə əsasən, yerli icra hakimiyyəti ödəməlidir. Bu məzmunda məktub «Qaçqınkom»dan da gəldi.
Çox təəssüflər olsun ki, Oğuz rayon İcra Hakimiyyəti 07.09.2016 və 04.10.2016-cı il tarixli rəsmi məktubları ilə bildirdi ki, mənə heç bir köməklik edə bilməz. Səbəb də budur ki, guya qəzalı binanı özbaşıma təmir etdirmişəm.
Hörmətli cənab Prezident!
Qeyd etdiyim kimi, mən Əmlak Məsələləri Dövlət Komitəsinin Oğuz rayon şöbəsinin razılığı və köməkliyi ilə həmin binaya köçürülmüşəm. Əgər həmin bina qəzalı olsaydı, məni və üç övladımı buraya köçürməzdilər. Eyni zamanda, Oğuz rayon İcra Hakimiyyəti də bizim həmin binaya köçməyimizə icazə verməzdi.
Hörmətli cənab Prezident!
Axı mən nə pis iş tutmuşam ki, bu məmurlar mənə köməklik etməkdən yayınmaq üçün müxtəlif bəhanələr gətirirlər?! Onların bu hərəkəti bir ana kimi mənə qarşı yalnız hörmətsizlikdir, xüsusilə də Oğuz rayon İcra Hakimiyyətinin atdığı addım. Budurmu ölümün caynağından sağ qurtulan beş-üç Xocalı sakininə edilən diqqət, qayğı?!
Demirəm ki, bu məmurlar dəyəri milyonlarla öçülən öz villalarından birini də tikib mənə versinlər. Sadəcə, təmirə xərclədiyim borcu ödəmək üçün mənə yardım etsinlər. Çünki borc sahibləri ilə üzləşəndə utanıram, xəcalət çəkirəm. Yerli məmurlar isə mənə kömək etmək əvəzinə, məsələni bir-birilərinin üzərinə atırlar.
Çox hörmətli cənab Prezident!
Ümidim yalnız Sizə qalıb. İnanıram ki, məhz Sizin göstərişiniz sayəsində problemim həllini tapacaq».
***
Məsələ ilə bağlı Oğuz rayon İcra Hakimiyyətinin münasibətini öyrənmək cəhdimiz alınmadı. Odur ki, qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.