“Türkiyə Hava Yolları” ilə rahat şəkildə Sürixdən İstanbula uçduq. İstanbuldan da eyni hava şirkəti ilə Bakıya yola düşdük. Bu dəfə isə ciddi şəkildə narahatlıq yarandı.
Bunu İsveçrənin Sürix şəhərində yaşayan azərbaycanlı jurnalist Elbəyi Həsənli bu gün vətənə gələrkən təyyarədə qarşılaşdığı xoşagəlməz mənzərədən danışarkən bildirib.
“Niyəsi çox maraqlıdır. Deməli, bizimkilər təyyarəyə minir. Təyyarənin arxasında yeri olanlar öndə olan yerlərin başı üstündəki dolablara öz əşyalarını yerləşdirirlər. Sonra da keçib arxadakı yerlərini tuturlar. Öndə yer olanlar gəldikdə görürlər ki, başüstü dolablar artıq tutulub. Bəs onlar əşyalarını hara qoysun? Ələm qarışır bir-birinə. Sonda öndə yer alan sərnişinlərin əşyaları təyyarənin arxasına daşınır...”.
Jurnalist deyir ki, dünyanın heç bir yerində belə şey yoxdur:
“Axı niyə mədəni dünyanın istifadə etdiyi qaydaları bir tərəfə atıb öz rahatlığımıza görə digər insanları narahat etməliyik? “Türkiyə Hava Yolları”nın əməkdaşları ilə söhbətdən bəlli oldu ki, Bakıya uçuş zamanı hər dəfə bu problem yaşanır. Əminəm ki, digər şəhərlərdən də Bakıya uçuş zamanı oxşar problemlər ortaya çıxır. O da aydındır ki, belə davranışlar xalqımız haqqında xoş təəssürat yaratmır. Bu biabırçılığa görə çox utandım. Heç bizə yaraşan hərəkət deyil...
Məncə, belə anarxist düşüncəyə qarşı inzibatı qaydada müəyyən addımlar atılmalıdır...”. Modern.az