ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib
Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Patel bildirib ki, Taktik Raket Sistemi (ATACMS) kimi tanınan uzaqmənzilli raketlər prezident Co Baydenin göstərişi Ukraynanın tələbi ilə göndərilib:
"Bayden ATACMS-in Ukraynaya göndərilməsi üçün fevral ayında əmr verib. Raketlər isə mart ayında açıqlanan hərbi yardım paketi çərçivəsində göndərilməyə başlayıb".
ABŞ-ın milli təhlükəsizlik müşaviri Jake Sullivan da jurnalistlərə bildirib ki, bu, Rusiyanın Şimali Koreyadan ballistik raketlər alaraq Ukraynaya qarşı istifadəsinə cavabdır.
Xatırladaq ki, ATACMS raketləri təxminən 300 kilometr məsafədəki hədəfləri vurmaq qabiliyyətindədir (mia.az).