Gəncədə müşahidə olunan güclü küləklə əlaqədar aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində çalışırlar.
Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, səhər saatlarından başlayaraq Qərb bölgəsində küləkli hava şəraiti müşahidə olunur. Bununla əlaqədar olaraq Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası gücləndirilmiş iş rejimində çalışır.
Müşahidə olunan güclü külək səbəbi ilə şəhərin Heydər Əliyev və Nizami Gəncəvi prospektlərində, Ə.Rəfibəyli, F.Əmirov, Ə.Hüseyinzadə, S.Rəhimov və digər küçələrində 20-yə yaxın iri gövdəli ağac aşıb. Nəticədə bir fərdi yaşayış evinə və bir avtomobilə ziyan dəyib.
Bir sıra ərazilərdə ağacların budaqları sınaraq elektrik naqillərini zədələyib. Hazırda şəhərin bəzi yaşayış massivlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb. Bununla yanaşı, şəhərin bəzi ərazilərində qaz boruları da zədələnib, bir neçə fərdi yaşayış evinin dam örtüyü uçub. Qeyd edək ki, Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin əməkdaşları, həmçinin Gəncə Elektrik Şəbəkəsinin və Gəncə Regional Qaz İstismar İdarəsinin briqadaları yaranmış fəsadların aradan qaldırılması istiqamətində iş aparırlar.
Gəncə şəhərində müşahidə olunan güclü küləkli hava şəraiti davam edir (oxu.az).