Bakı Mühəndislik Universitetinin (BMU) bakalavriat səviyyəsinə 2024/2025-ci tədris ili üçün 36 ixtisas üzrə qəbul aparılır.
Ayrılan 2285 plan yerindən 1540 yer Azərbaycan bölməsi (əyani), 220 yer qiyabi təhsil forması, 525 yer isə ingilis bölməsi (əyani) üçün nəzərdə tutulub (https://beu.edu.az/az/page/bakalavr-tehsili-182/).
Ali təhsilin bütün səviyyələrində kadr hazırlayan BMU-da bakalavriat səviyyəsində ingilis dilli ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır. Memarlıq və dizayn ixtisasları üzrə qabiliyyət imtahanı nəzərdə tutulmayıb.
Qəbul planına əlavə edilən yeni ixtisaslar sırasında “Biotexnologiya”, “Fizika”, “Kimya”, “Riyaziyyat”, “Nəqliyyat mühəndisliyi”, “Qida mühəndisliyi” və “Şərabçılıq” yer alır.
BMU-da informasiya texnologiyaları sahəsi üzrə yüksəkixtisaslı mütəxəssislərin hazırlanması üçün görülən işlərin davamı olaraq bir sıra yeniliklərin həyata keçirilməsi planlaşdırılır. Eyni zamanda, bu yaxınlarda ali məktəbdə kibertəhlükəsizlik üzrə ilk laboratoriyanın açılması, kompüter və informasiya texnologiyaları üzrə maddi-texniki bazanın daha da gücləndirilməsi, elektron universitet kimi fəaliyyət göstərən ali məktəbdə bu yöndə olan xidmətlərin təkmilləşdirilməsi görülən tədbirlərdəndir.
Universitetdə təhsilin yüksək keyfiyyətdə tədrisinə xüsusi diqqət göstərilir və bu da gələcək mütəxəssislərin nüfuzlu şirkətlərlərdə çalışmalarına, əmək bazarında layiqli iş tapmalarına alverişli zəmin yaradır. BMU hazırda məzunlarının işlə təminatına görə öncül mövqedə dayanır və məzunların 72,5 %-i məhz öz ixtisası üzrə çalışır.
Ölkəmizdə böyük kampusa malik yeganə universitetlərdən olan BMU-da müasir tələbə yataqxanaları, həmçinin sosial fəaliyyətlərin gerçəkləşməsi üçün əlverişli şərait mövcuddur. Xüsusilə tələbələrin özlərini inkişaf etdirmələri baxımından geniş imkanlar yaradılıb. BMU Texnoparkında tələbələrin innovativ təşəbbüsləri, startaplarının reallaşdırılması məqsədilə yeni layihələrin icrası gerçəkləşdirilməkdədir. Açılan yeni ixtisaslar, planlaşdırılan yeniliklər əmək bazarı üçün lazımi mütəxəssislərin hazırlanması ilə yanaşı, universitet-sənaye iş birliyinin gücləndirilməsinə, məzunların məşğulluq səviyyəsinin daha da yüksəldilməsinə imkan verəcək.
Vurğulamaq vacibdir ki, bu ildən universitetdə ilk dəfə olaraq təkrar ali təhsil almaq imkanı da yaradılıb (https://beu.edu.az/az/page/tekrar-ali-tehsil-400/).
Təkrar ali təhsilə qəbul əyani və qiyabi formada olmaqla yanaşı, Azərbaycan və ingilis dillərində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin https://portal.edu.az elektron portalı vasitəsilə gerçəkləşdirilir. Təkrar ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə yalnız müsahibə aparılacaq və müsahibədən uğurla keçənlər müqavilə yolu ilə əlavə ali təhsil almaq üçün seçdikləri ixtisas üzrə tələbələr sırasına qəbul ediləcəklər.