Şəfəqə Doğru » Manşet » Azərbaycanda aksiyalar qadağan olunub(mu) - Britaniyanın tənqidi...

Azərbaycanda aksiyalar qadağan olunub(mu) - Britaniyanın tənqidi...

Azərbaycanda aksiyalar qadağan olunub(mu) - Britaniyanın tənqidi...

Böyük Britaniya Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasında Azərbaycanın universal dövri icmalının müzakirəsi çərçivəsində bəyanatla çıxış edib.

“Birləşmiş Krallıq Azərbaycanın universal dövri icmalı prosesində iştirakını və minalardan zərər çəkənlərin mühafizəsini gücləndirməsini alqışlayır. Biz Azərbaycanı münaqişədən sonra barışığı, xüsusən də məcburi köçkünlərin müdafiəsini inkişaf etdirməyə çağırırıq”, - bəyanatda deyilir.

Eyni zamanda sənəddə Azərbaycanda insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasından narahatlıq ifadə edilir.

“Biz ifadə və sərbəst toplaşmaq azadlığına qoyulan məhdudiyyətlərdən narahatıq. Biz Azərbaycanı insan hüquqlarının müdafiəsini təkmilləşdirməyə çağırırıq”, - deyə bəyanatda bildirilir.

Böyük Britaniya universal dövri icmal çərçivəsində Azərbaycan üzrə üç tövsiyə irəli sürüb:

- Hüquq müdafiəçilərinin, vətəndaş cəmiyyəti fəallarının və jurnalistlərin, habelə həbsdə olan xarici vətəndaşların hüquqlarının pozulması ilə bağlı bütün iddiaların səmərəli və şəffaf şəkildə araşdırılmasını təmin etmək;

- Cinayət Məcəlləsindən böhtan və təhqirə görə jurnalistlərin məsuliyyətini nəzərdə tutan 147 və 148-ci maddələr çıxarılsın;

- Məişət zorakılığının bütün formalarının cinayət məsuliyyətinə cəlb edilməsi üçün Cinayət Məcəlləsinə zəruri əlavələr edilsin (mənbə: “Turan”)

Azərbaycanda sərbəst toplaşmaq azadlığı pozulurmu? Britaniyanın qəfil bu məsələləri qaldırması nədən qaynaqlanır?
Hakim Yeni Azərbaycan Partiyasının deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, Böyük Britaniyanın BMT-dəki mövqeyi Azərbaycanla münasibətlərinə uyğun gəlmir: “Xüsusən də bəyanatda əksini tapan "Biz ifadə və sərbəst toplaşmaq azadlığına qoyulan məhdudiyyətlərdən narahatıq. Biz Azərbaycanı insan hüquqlarının müdafiəsini təkmilləşdirməyə çağırırıq" fikri başadüşülən deyil. O mənada başadüşülən deyil ki, Azərbaycanda ifadə azadlığı, sərbəst toplaşmaq azadlığı təmin olunduğu halda belə bir çağırışa ehtiyac yoxdur. Hansısa qərəzli “hüquq müdafiəçiləri” və ya radikal müxalifət təmsilçilərinin təqdim etdikləri saxta hesabatlar, məlumatlar o demək deyil ki, orada yazılanlar həqiqəti əks etdirir. Böyük Britaniya kimi ciddi dövlət saxta hesabatları fakt kimi qəbul etməməlidir. Azərbaycanda sosial şəbəkələr, saytlar, qəzetlər, televiziyalar hər bir vətəndaşın ifadə azadlığı hüququndan istifadə etməsi üçün açıq bir meydandır. Dövlət buna heç bir məhdudiyyət qoymur. Azərbaycanda sərbəst toplaşmaq azadlığının təmin edilməsi üçün hər bir rayonda, paytaxtda meydanlar ayrılıb. Dövlət sərbəst toplaşmaq azadlığını da təmin edir. Ölkəmizdə insan hüquqları qorunur. Milli, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımızın hüquqları qorunur, qanunlarımız hər kəsin hüquqlarını qoruyur. Böyük Britaniyanın bu qeyd olunan məsələlərlə bağlı narahatlıq keçirməsinə ehtiyac yoxdur".

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirdi ki, Britaniyanın bəyanatı təəssüf doğurur: “Bəyanatda minalardan zərər çəkənlərin müdafiəsinin gücləndirilməsi alqışlanır, bu, sanki bizim könlümüzü almaq üçün deyilir. Çünki bunun ardınca həqiqətə uyğun olmayan və mənbəyi haradan onlara çatdırıldığı bilinməyən fikirlər yazılır. Azərbaycanda xüsusən də məcburi köçkünlərin hüquqlarının müdafiə edilməsinə çağırılması başadüşülən deyil. Məcburi köçkün dedikdə Qarabağdan könüllü getmiş ermənilərin, yoxsa 30 il torpaqları ermənilər tərəfindən işğal olunduğu üçün məcburi köçkün həyatı yaşayan azərbaycanlıların nəzərdə tutulduğu bəlli deyil. Əgər azərbaycanlıları nəzərdə tuturlarsa, 30 ildən artıqdır dövlətimiz onların bütün hüquqlarını qoruyur. Əgər erməniləri nəzərdə tuturlarsa əvvəla həmin ermənilər məcburi köçkün hesab oluna bilməz, Azərbaycan onları zorla köçürməyib, əksinə, rəsmi şəkildə dəfələrlə onlara getməmələri üçün çağırış edib.

Azərbaycanda insan hüquq və azadlıqlarının məhdudlaşdırıldığının qeyd edilməsi və çağırış ünvanlanması bir hüquq müdafiəçisi kimi mənim və həmkarlarımın başa düşmədiyi çağırışdır. Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində çox ciddi addımlar atılıb və atılır. Ölkədə Ombudsman Aparatı var, hüquq-müdafiə təşkilatları fəaliyyət göstərir, güc strukturlarının, prokurorluğun hesabatları tətbiq olunur. Azərbaycanda insan hüquq və azadlıqları həm qorunur, həm də onu pozanlara qarşı cəzalar tətbiq edilir. Belə bir reallıq ortada olduğu halda, insan hüquq və azadlıqlarının təkmilləşdirilməyə çağırılması da tələskən verilmiş bəyanatdır".

Ç.Qənizadə onu da bildirdi ki, Cinayət Məcəlləsindən böhtan və təhqirə görə jurnalistlərin məsuliyyətini nəzərdə tutan 147 və 148-ci maddələr çıxarılması çağırışı yanlışdır, absurddur. Çünki həmin maddələr çıxarılsa, özünü jurnalist adlandıran müəyyən qisim insanlar istədiyi şəxslərə ləkə atmaq, təhqir və ləyaqətini alçatmaqla cəmiyyətdə ağır nəticələrə yol aça, xaos yarada bilərlər".

Hüquq müdafiəçisi qeyd etdi ki, sərbəst toplaşmaq azadlığının pozulduğu barədə bəyanatda əksini tapan fikirlər də tənqidə dözümsüzdür: “Azərbaycanda istənilən təşkilatlar qanunda nəzərdə tutulmuş qaydalara uyğun olaraq dövlətlə razılaşdırılmaqla kütləvi aksiyalar keçirə bilirlər. Sərbəst toplaşmaq və azad fikrini ifadə etmək hansı ərazilərdə kütləvi aksiyalar keçirilə bilər sualına qanunda cavab verilir. Həmin ərazilərdə deyil, hansısa küçədə qanunsuz aksiya keçirmək istəyən qrupların isə məqsədi aksiya keçirmək yox, asayişi pozmaq, polislə qarşıdurma şəraiti yaratmaq olur. Asayişi pozmaq üçün edilən bu cür cəhdlərin qarşısının qanuna uyğun olaraq alınması sərbəst toplaşmaq azadlığının pozulması sayıla bilməz”.

Müxalifətdə olan AMİP-in sədri Arzuxan Əlizadə isə bildirdi ki, illərdir bir sıra aparıcı ölkələrin və beynəlxalq təşkilatların Azərbaycana yönəlik ikili standartlı münasibətinin şahidi oluruq: “Əslində bundan da təəccüblənmirik. Azərbaycanın regionda söz və güc sahibinə çevrilməsi bir sıra dövlətləri və təşkilatları narahat etməkdədir. Zaman-zaman Azərbaycanda insan hüquqları ilə bağlı məsələlər gündəmə gətirilir. Amma təəssüf ki, Azərbaycan torpaqları erməni işğalı altında olduğu dövrlərdə yurdundan didərgin salınmış yüz minlərlə insanın hüquq və azadlıqları həmin təşkilatları, dövlətləri narahat etmirdi. Eyni zamanda bugünkü qondarma Ermənistan dövlətinin ərazisindən-tarixi Azərbaycan torpaqlarından azərbaycanlılar qovulanda, soyqırıma məruz qalanda bu təşkilatlar, aparıcı dövlətlər narahatlıqlarını ifadə eləmirdilər.

Qanunvericilikdə müəyyən boşluqlar və çatışmazlıqlar var. Onların da düzəldilməsi istiqamətində zaman-zaman addımlar atılır. Azərbaycan qanunvericiliyinə, Cinayət Məcəlləsi də daxil olmaqla son illərdə bir sıra əlavə və dəyişikliklər edilib. Bundan sonrakı dönəmdə də edilməsi zərurəti var. Amma bu, ölkəmizin daxili işidir. Bu, hansısa beynəlxalq təşkilatın, aparıcı dövlətin işi deyil. Ona görə də onların daxili işlərimizə qarışmaq cəhdləri qəbul edilə bilməz. Azərbaycan insan haqları məsələsinə diqqəti artırmalıdır. Sərbəst toplaşmaq azadlığı da daxil olmaqla, digər hüquqların bir qədər təkmilləşməsi istiqamətində qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi mümkündür. Bu, Azərbaycanın öz daxili işidir".

Shafaqadogru.com  "Yeni Musavata" isdinadən bildirir.