İntensiv yağış Lənkəran rayonunda ucqar dağ kəndinin sakinlərini çətin vəziyyətə salıb.
Daştatükdə Bəşəru çayı üzərində olan 18 metr uzunluqda körpünü sel suları dağıdıb. Nəticədə kəndin bir hissəsi, eləcə də Rezvan, Aşağı Apo və Mollakeş kəndləri ilə əlaqə kəsilib.
Körpünü sel aparması sakinlərin bu taya gediş - gəlişləri üçün çətinliklər yaradıb. Onların sözlərinə görə, əgər körpü qısa müddətdə bərpa olunmasa, sentyabr ayında acınacaqlı vəziyyət yaranacaq. Çünki payız ayında Bəşəruda su çoxalacaq və çayın o tayında yaşayan 60-a yaxın şagird məktəbə gedə bilməyəcək.
Xanbulan kənd bələdiyyəsinin sədri Kazım Məmmədov bildirib ki, adıçəkilən körpü 2014-cü ildə əhalinin istifadəsinə verilib. Bu il iyunun 26-sı intensiv yağışdan sonra çaya sel gəlib və gecə saatlarında körpünü dağıdıb: “Həmin gün aidiyyəti üzrə rayon icra hakimiyyəti məlumatlandırıldı və kəndə nümayəndələr gəldi. İlkin olaraq ağır texnikalar vasitəsilə maşınların çayın içindən keçmələri üçün şərait yaradıldı. Hazırda aidiyyəti təşkilatlardan müsbət cavab gəlib və sentyabr ayına kimi körpünün bərpasını gözləyirik”.
Qeyd edək ki, 350 təsərrüfatı, 1500-ə yaxın əhalisi olan Daştatük kəndində körpünün dağılmasından sonra 100-dən çox təsərrüfat, təqribən 500-ə yaxın sakin körpünün digər tərəfində qalıb (qafqazinfo).