Şəfəqə Doğru » Gündəm » İcra başçısının müavininə hücum edilib - Samuxda insident

İcra başçısının müavininə hücum edilib - Samuxda insident

İcra başçısının müavininə hücum edilib - Samuxda insident

Samuxda vəzifəli şəxsə xəsarət yetirilib.

"Qafqazinfo"nun  məlumatına görə, hadisə dünən səhər saatlarında Samux şəhərinin ərazisində baş verib.

Vətən müharibəsi qazisi, Lək kənd sakini, 2000-ci il təvəllüdlü Fərhad Ruhlan oğlu Abdullayev xuliqanlıq zəminində rayon icra başçısının müavini Tahir Qarayevin əlinə çəliklə vurub. O, daha sonra Samux Rayon İcra Hakimiyyətinə məxsus avtomobilin qabaq şüşəsini sındırıb.

Məsələ ilə əlaqədar Samux Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumun Hüquq şöbəsinin müdiri Azər Nəsibov sorğumuza cavab olaraq bildirdi ki, hadisə ötən gün saat 11 radələrində Samux şəhər Şəhidlər Kompleksində aparılan təmir zamanı qeydə alınıb:

"Fərhad Abdullayev adlı şəxs rayon icra başçısının müavini Tahir Qarayevə yaxınlaşıb və qaz çəkilişi ilə bağlı müraciət edib. Yaşadığı Lək kəndində bəzi küçələrə çəkiliş edilir və vətəndaş bundan narazılıq edib ki, niyə gecikir. Ona məlumat verilib ki, qısa müddətdə, qış mövsümü başlayana qədər qazla təmin olunacaqlar. Yəni layihədə necə nəzərdə tutulubsa, hamısı qrafikə uyğun şəkildə həyata keçiriləcək.

Bu məsələdən sonra o, bu dəfə qaz sobası istəyib. Ona "ceyran peçi" adlanan soba alınıb verilib. Vətəndaş bundan da narazı qalıb və "İran peçi" istəyib. Bu dəfə də elə onun yanında Tahir Qarayev Lək kənd icra nümayəndəsi Xəyal müəllimə zəng vurub. Telefon mikrofonda da olub və tapşırıq verilib ki, Fərhad "İran peçi" ilə təmin olunsun. Bu zaman Fərhad Tahir Qarayevin əlindən telefonu alaraq Xəyal müəllimi söyüb. Orada öz qardaşı və fəhlələr də olub, hamı bunu eşidib. Tahir müəllim də Fərhada bildirib ki, "belə olmaz, sənin xahişini edirik, sən isə belə hərəkət edirsən, söyüş söyürsən". Fərhad bu dəfə də gedib dövlətin xidməti maşınına zərər yetirib. Tahir müəllim ona mane olmaq istəyəndə əlindəki əsa ilə ona zərbələr endirib.

Fərhad Abdullayev bizim ən çox yardım etdiyimiz qazidir. Onun bütün istəklərini həmişə yerinə yetirmişik. Hətta kiminsə problemi ilə bağlı bizə müraciət edibsə, bunu da həll etmişik. Hazırda öz qardaşı da etiraf edir ki, Fərhad günahkardır. Hadisə zamanı hətta bıçaq da çıxarıb. Qardaşı mane olub və bıçaq onun əlindən düşüb".

Hadisə ilə bağlı araşdırma aparılır.