Amerika Birləşmiş Ştatlarının gündəliyi dəhşətli cinayət aktı, hətta bəzi ehtimallara əsasən terror aktı kimi qiymətləndirilən hadisə ilə çalxalanır. Belə ki, bu gün səhər saat 3:15 radələrində Luiziana ştatında Nyu Orleans şəhərinin məşhur Burbon küçəsində bir nəfər Ford markalı, pikap tipli avtomobilini yeni il şənliyinə toplaşan insanların üzərinə sürüb, bir neçə nəfərin ölümünə və onlarla insanın yaralanmasına səbəb olub.
Avtomobil Burbon küçəsində yolu bağlayan krana çırpıldıqdan sonra, qatil sürücü 42 yaşlı Şamsuddin Cabbar polisi atəşə tutub, iki polis əməkdaşını yaralayıb və nəticədə özü də güllələnərək zərərsizləşdirilib.
İlkin məlumatlara əsasən ən azı 35 nəfər yaralı qeydə alınıb. FTB (Federal Təhqiqatlar Bürosu, "FBİ") isə avtomobildə “sadə üsulla hazırlanmış partlayıcı qurğuların” tapıldığını bildirərək, "hüquq-mühafizə orqanları qatili dayandırmasaydı, qırğın daha da pis ola bilərdi" deyə ictimaiyyətə məlumat verib. Texas ştatına aid qeydiyyat nömrəsi olan avtomobilin izdihamlı küçəyə necə çıxış əldə etdiyi hələ də qeyri-müəyyən olaraq qalır.
Yeni seçilmiş Prezident Donald Trump isə bunu ölkəyə mühacir axınının artması ilə izah edərək, yenidən ölkədəki immiqrasiya siyasətini kəskin tənqid edib.