Süni intellektin inkişafı Avropanın su qıtlığı ilə üzləşən regionlarında ekoloji fəsadlara yol aça bilər.
"Politico" nəşrinin yazdığına görə, süni intellekt texnologiyalarının əsas dayağı olan məlumat emalı mərkəzləri (data mərkəzlər) çoxlu miqdarda su sərf edir.
Məsələn, İspaniyanın şimal-şərqində yerləşən Aragon bölgəsi - qarğıdalı tarlaları, şaftalı və albalı bağları ilə tanınan ərazi - iqlim dəyişikliyindən əvvəl də suya yüksək tələbat göstərirdi. İndi isə bu bölgədə suya ehtiyac artdıqca, fermerlər yeni texnoloji obyektlərlə rəqabətə məcbur qalır.
"Politico" qeyd edir ki, "Microsoft" və "Amazon" kimi Amerika texnologiya nəhəngləri susuzluq problemi yaşanan bu torpaqlarda milyardlarla avro sərmayə yatıraraq məlumat mərkəzləri tikmək niyyətindədir. Bu mərkəzlər isə ildə milyonlarla litr su istehlak edir.
İspaniya hökuməti və Aragon regional rəhbərliyi bu investisiyaları dəstəkləsə də, yerli əhali buna qarşı çıxır. Şirkətlərin 15 milyard avrodan çox sərmayə, iş yerləri, məktəblərlə əməkdaşlıq və təhsil proqramları vəd etməsinə baxmayaraq, yerli icmalar su ehtiyatlarının mənimsənilməsindən narahatdır.
Aragonlu fermer Çeçu Sançes vəziyyəti belə şərh edir: "Sonda fermer heç vaxt qalib gəlmir. Kənd təsərrüfatı ilə məşğul olan insanlar çox qəzəblidir, çünki ekstremal iqlim şəraitində mübarizə aparmaq onlara daha da çətinləşir".
"Water Europe" təşkilatının məlumatına görə, 2024-cü ildə Avropa üzrə məlumat emalı mərkəzləri təxminən 62 milyon kubmetr su sərf edib. Bu isə 24 minə yaxın olimpiya üzgüçülük hovuzuna bərabərdir. Proqnozlara əsasən, 2030-cu ilədək bu göstərici 90 milyon kubmetrə çatacaq.
Oksford Universitetinin su elmləri üzrə müəllimi Kevin Grekş bildirir ki, su bu mərkəzlər üçün əsas resursdur: "Süni intellektin işləməsi, e-mail və ya WhatsApp mesajı göndərməyimiz və ya internet axtarışlarımız hamısı bu mərkəzlərin fəaliyyətinə bağlıdır".
Avropa isə getdikcə artan quraqlıqlar, torpaq eroziyası, məhsul itkisi və çay nəqliyyatının çətinləşməsi ilə üzləşir. Buna baxmayaraq, texnologiya şirkətləri bu regionlarda məlumat mərkəzləri qurmağa davam edir. Kevin Grekş bu qərarı belə əsaslandırır: "Bu cür mərkəzlər üçün çoxlu torpaq sahəsi və aşağı rütubət tələb olunur. Su çatışmazlığı olan bölgələr bu baxımdan əlverişli hesab olunur".
Aragon bölgəsində, Saraqosa yaxınlığındakı Vilamayor-de-Qalyego bələdiyyəsinin meri Xose Luis Montero isə yerli icmanın etirazını belə ifadə edib: "Biz düşünürük ki, bu yerə yenidən baxılmalıdır. Bu demokratiya deyil – məlumat mərkəzinin yerli merdən daha çox səlahiyyətə malik olması qəbuledilməzdir"
Aragon regional rəhbərliyi isə bildirir ki, şirkətlərin su istifadəsi ciddi nəzarət altındadır və bu obyektlər su və enerji baxımından səmərəli fəaliyyət göstərəcək. Onlar əlavə ediblər ki, bu, dünyada ilk dəfə Aragon bölgəsində tətbiq edilən qabaqcıl texnologiyalar sayəsində mümkündür.
Avropa Komissiyasının gələcək Su dayanıqlığı strategiyası layihəsində də məlumat mərkəzləri kimi strateji sahələrin yüksək su sərfiyyatına görə gələcəkdə bu sektorlara təzyiqin artırılması və suya qənaət tədbirlərinin gücləndirilməsi tövsiyə olunur.