Samux rayonu və kəndlərində yas mərasimlərində ehsan verilməsinin ləğv edildiyi barədə iddialar yayılıb.
Qeyd olunur ki, yasda təkcə çay süfrəsinə icazə verilir. İddialara görə, əgər ehsan verilməsi aşkarlanırsa, vətəndaşlar cərimələnir.
Modern.az saytı məsələ ilə əlaqədar olaraq Samuxuş rayonunun axundu İlham Məmmədovla əlaqə saxlayıb.
O bildirib ki, yas mərasimləri ilə bağlı heç kəs məcbur edilmir, bu dövlətin yox, ağsaqqalların qərarıdır:
“Bu məsələlərdə heç bir məcburiyyət yoxdur. Hüzr mərasimi olan şəxs deyə bilməz ki, mən cərimələnmişəm. Bu insanların könüllü olaraq təklif etdiyi məsələlərdir. Ağsaqqallar bir müddət idi, bu məsələrin üzərində dayanmışdılar.Təklif edirdilər ki, ehsanlar sadələşdirilsin. Ağsaqqallar yığışdılar, məni də dəvət etmişdilər birlikdə camaatla görüşdük. Qərar qəbul olundu ki, dəfn günü, eləcə də üç mərasimində ət yeməyi verilməsi dayandırılsın. Keçmiş adət-ənənələrimizə uyğun olaraq pendir, halva və çay süfrəsindən istifadə olunsun. Bu ağsaqqalların qərarıdır. Hər hansı dövlət orqanları qərar qəbul etməyib. Ağsaqqallar da bu qərarlarının üzərində dayanırlar. Hətta məclislərə hüzrləri düşən şəxslərlə gedib söhbət edirlər. O cümlədən bu məsələ insanlar tərəfindən çox müsbət qarşılanır. Çünki əzizi rəhmətə gedən insanlar istər-istəməz xeyli borcda qalırlar və əziyyət çəkirlər. Ona görə də dəfələrlə insanların təklif etdiyi məsələlər idi ki, ağsaqqallar bu qərarı veriblər. Bu gün kəndlərin demək olar ki, əksəriyyətində bu qayda-qanunlara əməl olunur”.
Axund məsələnin dini tərəfindən də danışıb:
“Mən də bir din adamı kimi deyə bilərəm ki, İslamda israfçılıq haramdır. Ehsan sözünün lüğəvi mənası yaxşılıq etməkdir. Ehsan verilən evdə istədiyimiz qədər yeyib, ev sahibini borc altında qoymaq deyil. Şəriət qanunları ilə götürəndə üç gün hüzuru düşən evdən tüstü çıxmamalıdır. Onlar ancaq vəfat edən əzizlərinin dəfni və digər işlərlə məşğul olmalıdır. Keçmişdə də belə olub ki, hüzru düşən evdə yemək filan bişirilməyib, onun qonaqları üçün qohum və qonşuları belə hazırlıq işləri görüblər ki, başı qarışıqdır. Amma təəssüflər olsun ki, bu gün elə bir vəziyyət yaranıb ki, əzizimiz rəhmətə gedəndə, o qalır bir kənarda, ancaq ət və digər məsələlərin arxasınca qaçırıq. Ona gorə də rayonda ağsaqqallar yığışıb bu qərarı qəbul etdilər. İndiyə qədər kimsə məcbur edildiyini, cərimələndiyini deyə bilməz. Bu qərar insanlar tərfindən çox gözəl qarşılanır və sadələşdirilmiş ehsan verilir. Əlbəttə, bununla qane olmayan, razılaşmayanlar da olacaq. 2-3 nəfər hər kənddən belə adam ola bilər. Onlar səhv məlumatlar vürirlər ki, filankəs cəzalandırıldı, cərimələndi. Xeyr, qanunda elə bir şey yoxdur ki, məcbur edilsin”.