Azərbaycan hökumətinin Prezident seçkisindən sonra formalaşdırılan yeni tərkibində ən çox diqqətçəkən yeni nazirlər sırasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və kənd təsərrüfatı naziri İnam Kərimov xüsusi yer tutur. Bu sahələr ölkə və vətəndaşlar üçün əhəmiyyət dərəcəsinə görə digər sahələrdən fərqlənir və məhz bu sahələrdə hər zaman tənqid hədəfinə çevriləcək qədər problemlər olub. Deməli, prezidentin sərəncamı ilə yeni vəzifəyə təyinat alan nazirlər təkcə portfelə və kresloya yox, həm də həllini gözləyən çoxsaylı problemlərə sahibləniblər. İndi əsas məsələ bu problemləri aradan qaldırmaq üçün ciddi şəkildə fəaliyyət planı hazırlamaq və icra mexanizmini tapmaqdır. İkinci, xüsusilə, vacibdir, çünki əslində Azərbaycanda indiyə qədər nə qanunvericilk bazası, nə fəaliyyət planlarında ciddi prolemlər olub. Problemlər hər zaman özünü icra mexanizminin düzgün qurulmamasıyla göstərib ki, sözügedən iki nazirlik də bu baxımdan istisna təşkil etməyib.
Rəqəmlər və reallıq
Kənd Təsərrüfatı Nazirliyi son illərin ən çox diqqət mərkəzində olan, ən şox ümid bəslənilən və bü ümidləri ən az doğruldan qurumdur. Neft gəlirlərinin azalmasıyla qeyri-neft sektorunun inkişafı dövlətin prioritetləri sırasında əvvəllərə keçsə də, Heydər Əsədovun rəhbərliyindəki nazirlik bu məsuliyyət yükünü daşıyacaq qədər peşəkarlıq nümayiş etdirməyib. Kənd təsərrüfatı məhsullarının istehsalından tutmuş əkin sahələrinin təyinatı üzrə istifadəsinə, fermerlərə dövlət dəstəyinə qədər bir çox sahələrdə problemlər üst-üstə qalaqlanıb. Onların həlli üçün heç bir mexanizm işlənib hazırlanmayıb. Nəticə isə göz qabağındadır və hər birimizin həyatında gündəlik olaraq özünü göstərir. İstehsaldakı geriləmə, idxalın payının artması, ixracın gözlənilən səviyyəyə qadırılmaması və beləliklə, həm əhalinin iqtisadi durumunun pişləşməsi, həm də ölkənin əlavə qazancdan məhrum olunmasında bu nazrliyin məsuliyyət yükü yetərincə olub. Doğrudur, rəsmi statistik məlumatlarda ötən il kənd təsərrüfatı məhsullarınn istehsalının 4 faiz artdığı açıqlanıb. Belə ki, 2017-ci ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun dəyəri faktiki qiymətlərlə 5,780 mlrd. manat təşkil edib ki, onun da 2 mlrd. 929,1 mln. manatı heyvandarlıq, 2 mlrd. 850,9 mln. manatı isə bitkiçilik məhsullarının payına düşüb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2016-cı ilin yanvar-oktyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 4%, o cümlədən, heyvandarlıq məhsullarının istehsalı 2,8%, bitkiçilik məhsullarının istehsalı isə 5,3% artıb. Ancaq bu artım həyatımızda və büdcədə hiss etməyəcək qədər cüzi olduğundan ümid yenə də idxal məhsullarına qalıb. Halbuki kənd təsərrüfatının inkişafı həmişə büdcədə kifayət qədər yüklü sahələrdən olub.
Büdcədən 10, Ehtiyat Fonddan 20 milyon manat...
Təkcə 2016-cı ildə KTN üzrə 12 milyon, Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə (KTL KİEDX) 594,7 min, Baytarlıq və Fitosanitar xidmətlərə uyğun olaraq 520,9 min və 380,8 min, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə (BSQ TNDX) 383 min manat ayrılması nəzərdə tutulub. Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsinə 596,6 milyon ayrılıb. Bunun da 570,4 milyonu kənd təsərrüfatına, 11,1 milyon birbaşa nazirliyə, 1,5 milyon BSQ TNDX-yə, 22.1 milyon Baytarlıq, 3,9 milyon Fitosanitar xidmətlərə verilib. Kənd təsərrüfatı əmlakının sığortalanması üçün sığorta haqqının dövlət büdcəsi hesabına ödənilən hissəsi 1 milyon, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərə 186,2 milyon manat ayrılıb. Həmin dövrdə maddi-texniki təminatın möhkəmləndirilməsi 50 milyon, islahatlar 30 milyon, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar xərcləri 8,9 milyon, meşə təsərrüfatı 11,6 milyon, KTL KİE DX-yə (aqrar sektora kreditlərin verilməsi) də 5 milyon vəsait hesablanıb. 2017-ci ilin dövlət büdcəsində də bu sahəyə ayrılan maliyyə 517,4 milyon manat olub. Vəsaitin 479,2 milyonu sırf kənd təsərrüfatı üçün nəzərdə tutulub. Nazirliyə bu puldan 10,8 milyon, BSQ TNDX-yə 1,6 milyon, DBX-yə 25,3 milyon, DFNX-yə 4,3 milyon, kənd təsərrüfatı əmlakının sığortalanması üçün sığorta haqqının dövlət büdcəsi hesabına ödənilən hissəsi 1 milyon və ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərə də 190,2 milyon ayrılıb. Yəni, bir çox sahələr üzrə ayrılan vəsaitdə artım olub. Üstəlik, prezidentin ehtiyat fondundan KTN 20,4 milyon manat alıb. Az məbləğ deyil. Ancaq görülən işlər bu məblğlərlə nəinki adekvat olmayıb, əksinə "Bu qədər pul xərclənən bir sahədə niyə bu qədər problem var?” sualını doğurub.
100 manatlıq buzovlara yedirilən milyonlar
Məsələn, ölkə əhalisi üçün də olduqca vacib olan bir məqama, əhalinin ət məhsulları ilə təminatı sahəsindəki vəziyyətə baxaq. Prezident İlham Əliyevin "Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında” Sərəncamına əsasən, əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 manat subsidiya verilir. 2016-cı ildə süni yolla 103 min qaramal mayalandırılıb, heyvanlardan alınmış buzovlara görə subsidiya ödənişinə başlanıb. 7449 heyvan sahibinə doğulmuş 8529 baş buzovun hər birinə görə 100 manat olmaqla, 852900 manat məbləğində subsidiya ödənilib. 2017-ci ilin birinci rübü ərzində isə 10100 heyvan sahibinə 11964 baş buzova görə 1196400 manat subsidiya verilməsi qərara alınıb. Nazirik bildirib ki, "Ətlik-südlük istiqamətli müasir 5-10 başlıq ailə-kəndli təsərrüfatlarının yaradılması” layihəsi çərçivəsində Ağcabədi, Bərdə və İmişli rayonlarının seçilmiş pilot ərazilərində müasir ailə-kəndli təsərrüfatlarının yaradılması yolu ilə kənd əhalisinin həyat səviyyəsinin yüksəldilməsi sahəsində tədbirlər həyata keçirilib. Ağcabədi rayonunda 25 ailəyə 178 baş, Bərdə rayonunda 27 ailəyə 189 baş, İmişli rayonunda isə 17 ailəyə 149 baş simmental cinsindən olan damazlıq heyvanlar verilib. Pilot ərazilərdə layihə tərəfdaşı kimi seçilmiş 69 ailə təsərrüfatına, ümumilikdə, 516 baş qaramal verilib. Əlbəttə, kağız və rəqəmlərdə hər şey gözəl və hətta sevindirici görünür. Ancaq realda vəziyyət necədir?
Milyonluq əməliyyatlarda şübhəli məqamlar və boş qalan süfrələr
Azərbaycan hökuməti ortamüddətli perspektivdə ət və quşçuluq məhsullarının istehsalında artım proqnozlaşdırıb.Proqnozlara əsasən, 2017-ci ildə ölkədə ət istehsalı 309,7 min ton təşkil etməli idi. 2018-2021-ci illərdə ət istehsalında artım tendensiyası qorunacağı təxmin edilib. Xüsusilə, 2018-ci ildə ət istehsalı 314,5 min ton, 2019-cu ildə 320,3 min ton, 2020-ci ilodə 327 min ton, 2021-ci ildə 334,5 min ton həcmində proqnozlaşdırılırdı. Beləliklə, hökumət hesab edirdi ki, 2022-ci ilə qədər 2017-ci illə müqayisədə artım 8% olacaq. Artım gözləntiləri özünü doğrulmadığından Azərbaycanda ət bazarındakı durum acınacaqlıdır. Ümumdünya Səhiyyə Təşkilatının normasına görə, hər bi şəxs il ərzində 84 kiloqram ət yeməlidir. Azərbaycanlılar özlərini əti sevən kimi aparsalar da, əslində normadan dəfələrlə az, yəni ildə cəmi 25-30 kiloqram ət istehlak edirlər. Səbəb birdir- qiymət bahalığı. Bahalığa aparan yol isə bazarda tələbin təklifi üstələməsindən keçir. Ekspertlər bildirir ki, Azərbaycanda ətə olan tələbat ildə 820 min ton olduğu halda 290 min ton ət istehsal edilir. Bəs harda qaldı ətçiliiyn inkişafı ilə bağlı xərclənən milyonlar, icrası gözəl sözlərlə tərif edilən pilot layihələr, buzovlara verilən 100 manatlar?Axı rəsmi məlumatlara görə 6 000 baş Simmental cinsli damazlıq heyvanlarının satın alınması üçün büdcədən 29,6 milyon manat ayrılmışdı. Birinə 5 min manat xərclənən həmin heyvanların sonrakı aqibəti barədə nə nazirlik məlumat açıqladı, nə də alanlar "bu heyvanlar bizdədir” dedi. 5 min manata alınan həmin 6 min baş Simmental cinsli damazlıq heyvanın sonrakı taleyi haqqında heç bir məlumat yoxdur. Mətbuatda yer alan məlumatlara görə, biri 5 min manatlıq bahalı heyvanlar "Novero İnvest LTD” Azərbaycan Respublikasının Nümayəndəliyindən alınıb. İlk baxışda təəccüblü heç nə yoxdur, əgər 29 milyonluq əməliyyat aparan şirkətin bu əməliyyatdan cəmi bir neçə ay əvvəl yaranması barədə məlumat olmasaydı. Eyni durum1000 baş Holştin-friz cinsli damazlıq heyvanların satın alındığı "Longmar Networks LTD” Azərbaycan Respublaikasının Nümayəndəliyi ətrafında da yaranıb. Bu alıq-satqıya 4,4 milyon manat ayrılıb və bu əməliyyatı da cəmi bir neçə aylıq yaranma tarixi olan "Longmar Networks LTD” aparıb. Yarandqdan qısa müddət sonra özünü doğruldaraq milyonluq əməliyyatlar ala bilmək üçün ya xüsusi istedad, ya da xüsusi əlaqələr olmalıdır ki, indiki halda böyük ehtimalla ikincidir. Bu qaranlıq "işlər”in təkcə ətçiliklə bağlı yox, pambıqçılıq, üzümçülük, tütünçülük, baranmaçılıq və digər sahələrdə də milyonlarla ölçülməsi mümkündür ki, Heydər Əsədovun yaxın ətrafının iştirakı olmadan bunlrın icrası mümkün deyildi.
Son günlər "Aqrolizinq” ASC ətrafındakı hadisələr də milyonluq "əməliyyatların” nazirliyin yeni rəhbərliyinin gözündən yaıynmadığını söyləməyə əsas verir. Hər halda islahatların ən çox pozuntu və şikayətlərin olduğu deyilən "Aqrolizinq”dən başlaması ümidləri artırır və kənd təsərrüfatında əsaslı inkişaf gözlənilir.
İnam Kərimovun kənd təsərrüfatının inkişafı ilə bağlı ABŞ-dan olan mütəxəssislərlə də görüşü də göztərir ki, yeni nazir bu sahənin şəffaflığı və inkişafı üçün bütün variantları nəzərdən keçirir.