Bakıda sərnişinə əxlaqsız təkliflər edən daha bir taksi sürücüsü inzibati məsuliyyətə cəlb edilib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Xəzər rayonu Binə qəsəbəsində baş verib.
Aygün Quliyeva (şərti) polisə müraciət edərək qəsəbədə rəfiqəsi ilə birgə mindiyi “Mercedes” markalı avtomobilin sürücüsünün yolda ona qeyri-etik təkliflər etdiyini bildirib.
Aparılan araşdırmalarla taksi sürücüsünün Binə qəsəbəsində yaşayan Lerik sakini Füzuli Kazımov (şərti ad) olduğu müəyyən edilib. O, saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə protokol tərtib edilib.
Xəzər Rayon Məhkəməsinə göndərilən 58 yaşlı taksi sürücüsü gələcəkdə taksiyə ehtiyacı olarsa, əlaqə saxlaması üçün xanım sərnişinə yolda nömrəsini verdiyini, yolboyu onların razılığı və iştirakı ilə yüngül əxlaqlı söhbətlər etdiklərini deyib.
Məhkəmənin qərarı ilə Füzuli Kazımova 4 sutkalıq inzibati həbs verilib və o, saxlanma yerinə göndərilib.