Elm və Təhsil Nazirliyinin tabeliyindəki elmi müəssisələrin fəaliyyəti optimallaşdırılır.
Bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Sənədə əsasən, müəssisələrin fəaliyyətinin optimallaşdırılması və səmərəliliyinin artırılması məqsədilə qərara alınır:
1. Elm və Təhsil Nazirliyinin tabeliyində aşağıdakı publik hüquqi şəxslər yaradılsın:
- Geologiya və Geofizika İnstitutunun və Neft və Qaz İnstitutunun əsasında Geologiya İnstitutu;
- Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun və Torpaqşünaslıq və Aqrokimya İnstitutunun əsasında Coğrafiya İnstitutu;
- Fizika İnstitutunun və Radiasiya Problemləri İnstitutunun əsasında Fizika İnstitutu;
- Akademik Murtuza Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun və Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun əsasında Kimya İnstitutu;
- İdarəetmə Sistemləri İnstitutunun və Riyaziyyat və Mexanika İnstitutunun əsasında Riyaziyyat İnstitutu;
- Botanika İnstitutunun və Dendrologiya İnstitutunun əsasında Botanika İnstitutu;
- Zoologiya İnstitutunun və Akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əsasında Canlı Sistemlərin Tədqiqi İnstitutu;
- Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun, Mikrobiologiya İnstitutunun və Biofizika İnstitutunun əsasında Molekulyar Biologiya İnstitutu.
2. Elm və Təhsil Nazirliyinin tabeliyindəki:
- Polimer Materialları İnstitutu Sumqayıt Dövlət Universitetinin tabeliyinə verilsin;
- Ekologiya və Təbii Ehtiyatlar İnstitutu (Gəncə), Bioresurslar İnstitutu (Gəncə), Aqrar Problemlər İnstitutu (Gəncə) və Nəbatat Bağı (Gəncə) Gəncə Dövlət Universitetinin tabeliyinə verilsin; 2.3. Təbii Ehtiyatlar İnstitutu (Naxçıvan), Bioresurslar İnstitutu (Naxçıvan) və Batabat Astrofizika Rəsədxanası (Naxçıvan) Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilsin.
3. Bu Qərarın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin təsisçisinin səlahiyyətlərinin həyata keçirilməsi Nazirlər Kabinetinə, elmi müəssisələrin yenidən təşkili və ləğv edilməsi Elm və Təhsil Nazirliyinə tapşırılıb.
Elm və Təhsil Nazirliyi bu Qərarın 1-ci hissəsi ilə yaradılan publik hüquqi şəxslərin nizamnamələrini iki ay müddətində təsdiq etməlidir. Publik hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün onların nizamnamələri təsdiq edildikdən sonra 3 (üç) gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada tədbirlər görməli və Qərardan irəli gələn digər məsələləri həll etməlidir // qafqazinfo