Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseyn 2003-ci ildə keçirilmiş prezident seçkilərinin müxalifətçi nazmizədləri İsa Qəmbər və Etibar Məmmədov arasındakı razılaşmaya aydınlıq gətirib.
Pənah Hüseyn bildirib ki, son günlər media və sosial şəbəkələrdə “İsa Qəmbər - Etibar Məmmədov danışıqları” mövzusunda spekulyasiyalar artdığından məsələyə aydınlıq gətirmək qərarına gəlub.

O, İsa Qəmbər və Etibar Məmədov arasında seçki ilə bağlı razılaşma sənədi layihəsinin müəlliflərindən olmuş tanınmış hüquqşünas Fuad Ağayevin 10 oktyabr 2003- cü il tarixli mətbuat konfransında səsləndirdiyi fikirləri sitat gətirib.
Qeyd edib ki, Fuad Ağayev o vaxt AXCP-AMİP koalisiyasının vahid namizədi Etibar Məmmədovun vəkili idi.
P.Hüseynin sözlərinə görə, Fuad Ağayevin açıqlaması “Azadlıq” qəzetinin 11 oktyabr 2003- cü il tarixli sayında da dərc edilib.
“Həmin mətbuat konfransında üç müxalifət lideri – Əli Kərimli, Etibar Məmmədov və İsa Qəmbərin keçirdikləri görüşün müəyyən mərhələsində iştirakçı olmuş Fuad Ağayev danışıqların gedişi barədə jurnalistləri məlumatlandırmışdı. Fuad Ağayev bildirmişdi ki, liderlərin görüşündə ilkin anlaşma əldə olunduqdan sonra o və Qulamhüseyn Əlibəyli (razılaşma sənədi layihəsinin digər müəllifi-red.) ora dəvət olunublar. Fuad Ağayev daha sonra mətbuat konfransında demişdi:
“Biz razılaşdırılmış prinsiplərə uyğun saziş layihəsi hazırlamalı idik. Bu prinsiplər aşağıdakılardan ibarət idi:
Yaxın dövr üçün Koalisiya Şurası yaradılır. Şuraya Əli Kərimli, Etibar Məmmədov və İsa Qəmbər daxil olur. Qurumun sədri Etibar Məmmədov seçilir. Başqa liderlərin də bu Şurada təmsil olunması məqsədəuyğun sayılır. Koalisiyanın vahid namizədi kimi İsa Qəmbər çıxış edir. Seçkidə qələbə çaldıqdan sonra koalisiyalı hakimiyyət formalaşır ki, prezident İsa Qəmbər oseçildiyi təqdirdə Etibar Məmmədov baş nazir olur. Bu koalisiyadakı nazirlərin, dövlət komitəsi sədrlərinin mərkəzi icra hakimiyyəti orqanlarına təyinatı konsensus yolu ilə Koalisiya Şurasında müəyyənləşir. Yalnız bundan sonra baş nazir müvafiq təqdimatla prezidentə müraciət edir və o, öz fərmanını verir. Prezident seçkilərindən 6 ay sonra yeni Konstitusiya layihəsi referenduma çıxarılır. Həmin layihədə fövqəladə səlahiyyətli prezidentli respublikadan parlamentli respublikaya keçid nəzərdə tutulur. Burada da Türkiyə modeli əsas götürülür. Konstitusiya islahatından 6 ay sonra ölkədə parlament seçkiləri keçirilir”.
Fuad Ağayevin sözlərinə görə, liderlərin razılaşdıqları prinsiplər bunlardan ibarət olub. İsa Qəmbər bildirib ki, sənəd hazırlandıqdan sonra ona da çatdırılsın.
“İsa bəy dedi ki, layihəni öz partiyasında müzakirə edib onların dəstəyini almağa çalışacaq. Biz prinsipləri saziş layihəsi şəklinə saldıqdan sonra liderlərə, o cümlədən İsa bəyə çatdırdıq”, - deyə Fuad Ağayev bildirmişdi.
Sonradan məlum oldu ki, liderlərin görüşündən sonra isa Qəmbərin Rəsul Quliyevlə söhbəti olub və anlaşma əldə ediblər.
Əlavə olaraq bildirirəm ki, yuxarıdakı məsələyə dair yenə 2003-cü il tarixində Musavat, ADP və “Bizim Azərbaycan” seçki blokuna daxil olan digər şəxslər tərəfindən də çoxsaylı açıqlamalar, şərhlər, izahlar vardır”, - Pənah Hüseyn deyib.
Modern.az

