Artıq bir neçə ildir ki, "şəkərli diabet" xəstəliyindən əziyyət çəkən biri olaraq, bu gün yenidən Qazax rayon Mərkəzi xəstəxanasına üz tutmalı oldum. Dərmanlarımı almaq üçün anket götürmək məcbiriyyəti ilə getdiyim xəstəxanada mənə yenidən analizlərdən keçməli olduğum bildirildi, Mərkəzi xəstəxananın koridoruna daxil olduqda isə məni heyrətə gətirən qorxuducu bir mənzərəyə şahid oldum. Əllərində anketləriylə gözləyən çox sayda şəkər xəstəsi koridor boyunca toplanaraq növbə gözləyirdilər- əlbətdə, buna növbə gözləmək demək mümkündürsə. Həmin "növbə" yığılmalarının ən böyüyü isə rayonda tanınmış həkim-endokrinoloq Hökümə doktorun kabineti qarşısında idi. Kabinet önündə toplaşan çarəsiz rayon sakinlərinin, növbə mədəniyyəti haqqında düşünməyə vaxt tapa bilmədikləri, yaranmış vaziyyətin onları yorğun və ümidsiz hala salması bütün hallarından bəlli olurdu.
Burada sakinlərə ünvanladığım suallara verilən cavablardan aydın oldu ki, hal-hazırda, xəstəxanada sadəcə bir endokrinoloq fəaliyyət göstərir. Bu qədər xəstənin olduğu bir yerdə sadəcə bir endokrinoloqun olması təbii ki, belə bir sıxlığa səbəbiyyət verməlidir. Maraqlıdır ki, daha əvvəlki vaxtlarda daha iki endokrinoloqun rayonda (Mərkəzi xəstəxana ASM-də) fəaliyyət göstərmiş olması, sonradan bilinməyən səbələrə görə onların bu sahədən uzaqlaşmaları haqqında da məlumatlar yayılıb. Bunlardan başqa Ağstafa xəstəxanasında da bir endokrinoloqun olduğu məlumdir. Görünən budur ki, Qazaxda, xüsusən də bu sahədə həkim çatışmazlığı açıq bir fakt olaraq ortadadır. Bəs görəsən TƏBİB bu çatışmazlıq məsələsiylə bağlı məlumatlandırılıb ya yox? Bunu öyrənmək üçün dərin imkan sahibi olmasaq da, sakinlərin sıx-sıx üzləşdiyi bu problemin aradan qalxmasının çox sadə bir yolla, sözügedən sahə üzrə hakimlərin sayının artırılması yolula mümkünlüyünə inanırıq. Bunun üçün gözləntimiz TƏBİB-in ortaya qoyacağı iradədir. Eynən misaldakı kimi- "çoban istərsə, təkədən də pendir tutar"
Yuxarıda qeyd etdiklərimdən başqa, onu da əlavə etməliyəm ki, şəhərdəki rayon mərkəzi xəstəxanasına toplaşan xəstələrin hamısı heç də şəhər sakinləri deyillər. Onların yarısı dərmanlarını əldə edə bilmək üçün kəndlərdən şəhərə gələnlərdir. Həmin kəndlərin bəzilərində isə (əhali sayı çox olan kəndlər -N.N.) həkim məntəqələri fəaliyyət göstərir. Əgər kəndlərdəki həkim məntəqələrində şəkər xəstələrinə dərmanların verilməsi mümkün olsaydı şəhərdəki xəstəxanaya bu qədər gedən olmaz, nəticədə, növbələr azala-seyrəkləşə bilərdi. Hələlik isə, bilmədiyimiz səbəblərdən həmin dərmanlar kəndlərdəki həkim məntəqələrində verilmir.
Endokrinoloq kabineti qarşısında toplaşanlar içərisində rastlaşdığım 80 yaşlı həmkəndlim uzun müddət müəllim işləyib. O bildirdi ki, iki gündür ki, insulin əldə etmək üçün gəlib-qayıdır, ancaq hələ də həkim-endokrinoloq Hökumə doktorun qəbuluna düşə bilməyib. Axırda isə, əlacsız qalıb, aptekdən almalı olub.
Bəhs etdiyim, davamlı yaşanan bu problemlə əlaqədar olaraq Mərkəzi xəstəxananın direktoru Afiq Fərruxovla görüşüb, hər kəsi maraqlandıran bir neçə sualı ona ünvanlamaq istəsəm də, direktorun iclasda olması səbəbindən, bu suallar cavabsız hələlik qaldı.

Mərkəzi xəstəxanada təəssüfləndirici müşahidələrimlə "bəzənən" bu günü isə anketimi geri qaytararaq evə dönməyimlə tamamladım.
Neymət Novruzlu
