Şəfəqə Doğru » Gündəm » Gəncədə sahibsiz itlər məktəbliyə hücum ediblər

Gəncədə sahibsiz itlər məktəbliyə hücum ediblər

Gəncədə sahibsiz itlər məktəbliyə hücum ediblər

Gəncə şəhərində sahibsiz itlər yeniyetməyə hücum edərək ona xəsarət yetiriblər.

Bu barədə Oxu.Az-ın qaynar xəttinə yeniyetmənin ailə üzvləri məlumat veriblər.

Qeyd edilib ki, hadisə şəhərin "Posyolka" adlanan yaşayış massivində, Dədə Qorqud küçəsi, 34B, ünvanında baş verib.

Sakinin sözlərinə görə, ötən gün onun 15 yaşlı övladı məktəbdən evə qayıdarkən, təxminən saat 13:00-da, sahibsiz itlərin hücumuna məruz qalıb.

"Övladımın 15 yaşı var. Dünən günorta saatlarında sahibsiz itlərin hücumuna məruz qalıb və xəsarət alıb. Tibbi yardım göstərilməsi üçün övladımı 3 saylı xəstəxanaya apardım. Oğlumun yaşı nisbətən çox olduğundan özünü qismən müdafiə edə bilib, onun yerinə başqa bir azyaşlı olsaydı itlər onu parçalayacaqdı. Küçədə sahibsiz itlər sürü ilə dolaşırlar, təhlükə yaradırlar, amma buna baxmayaraq, problemin aradan qaldırılması istiqamətində hər hansı tədbir görülmür". 

 Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sahibsiz küçə heyvanlarının sayının tənzimlənməsi və onların sağlamlığının qorunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir.

"Bu çərçivədə ildə iki dəfə Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq fakültəsində yerli mütəxəssislərlə yanaşı, Avropanın aparıcı universitetlərinin müvafiq sahə üzrə ixtisaslaşmış mütəxəssislərinin iştirakı ilə aksiya təşkil olunur. Aksiyalar zamanı sahibsiz küçə itlərinin qısırlaşdırılması və baytarlıq müayinələri həyata keçirilir. Hər bir aksiya çərçivəsində orta hesabla 200-dən çox sahibsiz küçə iti bu prosesə cəlb edilir.

Eyni zamanda, sahibsiz heyvanların təhlükəsiz şəraitdə saxlanılması məqsədilə bir müddət əvvəl Gəncə şəhəri ərazisindən 350-yə yaxın sahibsiz küçə heyvanı toplanaraq Qaradağ rayonunda yerləşən xüsusi sığınacağa yerləşdirilib. Sahibsiz küçə heyvanlarının toplanaraq qeyd olunan sığınacağa yerləşdirilməsi işlərinin növbəti aylarda da davam etdirilməsi nəzərdə tutulur", - deyə məlumatda vurğulanıb.