Şəfəqə Doğru » Gündəm » “Müəllimlərin 80 faizi peşəkar deyil"- İlqar Orucov

“Müəllimlərin 80 faizi peşəkar deyil"- İlqar Orucov

“Müəllimlərin 80 faizi peşəkar deyil"- İlqar Orucov

“Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, 4 500 - 5 000 müəllim arasında aparılan araşdırma göstərir ki, onlardan yalnız 1 000 nəfəri peşəkar tələblərə cavab verir. Bu, siz bilirsiniz nə qədər böyük ittihamdır? Bu onu göstərir ki, müəllim hazırlığımızda ciddi problemlər mövcuddur və müəllim vəzifəsini daşıyanların yalnız 20 faizi kifayət qədər peşəkar biliklərə malikdir. Yəni 80 faizi müvafiq peşəkar biliklərə malik deyil və bu, kifayət qədər böyük göstəricidir”.

Bu sözləri Musavat.com-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.

O qeyd edib ki, bu problemin kökü onilliklərdir davam edir:

“Mən bilmirəm, bu ölçmələri kim aparıb və necə aparılıb, proseduru görməmişəm, amma düşünürəm ki, əgər dövlətin elm və təhsil naziri belə bir açıqlama verirsə, bu iddialar mütləq peşəkar ölçmələrə və datalara əsaslanır.

Bu problemin kökü neçə onilliklərdir davam edir. Onun əsas səbəbi isə ondan qaynaqlanır ki, xüsusilə müstəqilliyimizin ilk illərini yaşayan insanlar yaxşı bilir ki, ali təhsildə mövcud vəziyyət kifayət qədər bərbad idi. Universitetlərimizdə rüşvət sadəcə olaraq ayaq açmışdı və çox sayda təsadüfi insanlar qanunsuz tələbə köçürmələri ilə diplomlar almışdılar.

İndi də universitetlərimizdə problemlər qalmaqdadır. Nüfuzlu universitetlərin göstəriciləri ilə öz universitetimizin göstəricilərini müqayisə edək. Dünyanın ən nüfuzlu universitetlərində qəbul olunan 1 000 tələbədən yalnız 200 nəfər məzun olur. Bu, həmin universitetin yüksək göstəricisi deməkdir. Amma bizdə 1 000 nəfər qəbul olunmuş tələbədən ən azı 950 nəfər məzun olur. Bu necə mümkündür ki, hamı universiteti bitirə bilir? Əlbəttə ki, yox. Universitetlərimizdə həm məzun keyfiyyəti, həm də təhsil keyfiyyəti bərbaddır”.

İlqar Orucov bildirib ki, universitetlərin verdiyi bərbad təhsil nəticəsində məzunlar əmək bazarında özünü reallaşdıra bilmir:

“Buradakı günah məzunda deyil, ona diplom verən universitetdədir. Bu günə qədər əmək bazarında özünə yer tapa bilməyən məzunun itirdiyi dörd il üçün universiteti məhkəməyə verib təzminat tələb edən görməmişik. Hamı göz yumub. Nəticədə universiteti bitirən müəllimlər də müəllimlərin qəbul imtahanlarında nəticə göstərə bilmirlər. Universitet bilməli idi ki, əmək bazarına verdiyi kadr hansı peşəkar bilik və bacarıqlara malik olmalıdır. İşini və tədrisini ona uyğun qurmalıydı. Təbii ki, bu məsələdə universitetlərin böyük günahı var.

Qeyd etdiyim kimi, müstəqillik illərində saxta diplom almış və rüşvətlə təhsil almış savadsız insanlar bu gün məktəblərdə yer alıblar. Əlbəttə ki, onların verdiyi təhsil necə keyfiyyətli ola bilərdi? Problemin kökü kifayət qədər dərindən, zamanla təhsildə mövcud olan çatışmazlıqların əsas səbəbi kimi ortaya çıxır. Hazırkı dövrdə ən doğru yol sertifikasiyanın tətbiqidir. Yəni müəllimlərin bilik və bacarıqlarının ölçülməsidir”.

Elm və təhsil naziri Emin Əmrullayev deyib ki, son illərdə müəllimlərin sertifikatlaşdırılması prosesində 8 min müəllimin işinə xitam verilib. Onların 4500-ü ibtidai sinif, 1000-i isə Azərbaycan dili müəllimləridir.

Nazir qeyd edib ki, ölkədə hər 5 müəllimdən yalnız 1-i peşəkar tələblərə cavab verir:

“Son illərdə apardığımız araşdırmalarda və diaqnostik qiymətləndirmələrdə məlum olub ki, sistemdə müəllim adı daşıyanların bir hissəsi bu statusa real olaraq uyğun gəlmir. Təxminən 4500-5000 nəfər müəllim arasında aparılan qiymətləndirmə göstərib ki, onların yalnız 1000 nəfəri peşəkar tələblərə cavab verir. Bu, göstərir ki, müəllim statusu daşıyanların bir çoxu faktiki olaraq müvafiq səviyyəyə malik deyil”.