Broyler toyuqlarının yumurtasının qiymətində artım müşahidə olunur. Satıcıların bildirdiyinə görə, son bir neçə gündə qiymətlər 5-7 qəpik yüksəlib və hazırda broyler yumurtası 20 qəpiyə satılır. Bundan başqa, kənd yumurtasının qiyməti də 50 qəpiyə qədər bahalaşıb.
Bahalaşmanın səbəbi nədir? Ucuzlaşma ehtimalı varmı?
Globalinfo.az saytına danışan Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Mürvət Həsənli deyib ki, qonşu ölkələrdə də yumurtanın qiyməti artıb:

“Məsələn, Türkiyədə yumurtanın qiyməti 27-31, Gürcüstanda 25-27, İranda 22-24, Rusiyada isə 23-25 qəpik arasındadır. Azərbaycanda intensiv istehsal sayəsində gündəlik tələbat əvvəl 3,6 milyon ədəd idisə, qış aylarında bu rəqəm 4,6 milyon ədədə yüksəlib. Şəbəkə marketlərdə broyler yumurtası hazırda 16-19 qəpik arasında satılır. Kənd yumurtasının qiymətinin qalxmasının səbəbi istehsalın azalmasıdır. Yay aylarında gündəlik təxmini istehsal 400 min ədəd civarında idisə, indi bu rəqəm 100-120 minədək düşüb. Təklifin azalması və tələbatın artması nəticəsində qiymətlər yüksəlib”.
İş adamı bildirib ki, bayramqabağı cüzi qıtlıq ola bilər, lakin qiymətlərin artması ehtimalı azdır:
“Yanvarın 10-dan sonra satışda stabilləşmə gözlənilir. Son dörd ay ərzində heç bir ölkəyə ixrac həyata keçirilməyib. Assosiasiya olaraq fabriklərlə birgə qərara gəlinib ki, ixrac dayandırılsın, ölkədə yumurtanın bahalaşması baş verməsin. Əks halda, ixrac qiymətlərin yüksəlməsinə səbəb ola bilərdi.
Ümumiyyətlə, 2025-ci il məhsuldar il olub. ABŞ-a 57 milyon yumurta ixrac edilib, lakin 50 milyon öhdəlik yerinə yetirilməyib. Digər ölkələrə, əsasən Dubaya və Küveytə ixrac ilin əvvəlində həyata keçirilib, amma hazırda istehsal yalnız ölkənin daxili tələbatını ödəyir. 2026-cı ildə isə ixracın yenidən başlayacağı gözlənilir. Keçən il gündəlik istehlak 3,6 milyon idisə, bu il 4,6 milyona qədər yüksəlib”.
