“DİM tərəfindən 19 dekabr 2025-ci il tarixində təşkil olunan peşə tanınması imtahanında “İbtidai sinif müəllimliyi” ixtisası üzrə iştirak edən namizədlərin 83%-i uğursuz nəticə əldə edib”.
Bunları Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri Tural Əhmədov 2025-ci ilin yekununa dair keçirilən bfirinqdə deyib.
O bildirib ki, həmin ixtisas üzrə 6 nəfərdən 5-i uğursuz nəticə göstərib, yalnız 1 müraciətçi uğurlu nəticə əldə edib:
"Uğursuz nəticələrin əsas hissəsi Rusiya Federasiyası və Gürcüstanın ali təhsil müəssisələrinin (ATM) məzunlarının payına düşür. Sözügedən ixtisas üzrə peşə tanınması imtahanında uğursuz nəticə göstərən müraciətçilər kvalifikasiyalarını Rusiya Federasiyası üzrə Moskva Dövlət Pedaqoji Universiteti, Moskva Şəhər Pedaqoji Universiteti, Dağıstan Dövlət Pedaqoji Universiteti; Gürcüstan üzrə isə İlia Dövlət Universiteti və Gürcüstan Texniki Universitetindən əldə edib. Keçid balını toplayaraq uğurlu nəticə göstərmiş 1 müraciətçi kvalifikasiyasını Türkiyə Respublikasının Bursa Uludağ Universitetindən əldə edib”.
Tural Əhmədov həmçinin bildirib ki, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən “Hüquqşünaslıq” ixtisası üzrə təşkil edilən peşə imtahanında iştirak edən 75 nəfərdən yalnız 37 nəfəri təqdim olunan 30 sualdan yarısına və ya daha çoxuna cavab verərək TKTA tərəfindən kvalifikasiyalarının tam tanınması üzrə şəhadətnamələrini əldə edib: "Uğursuz nəticə göstərən kvalifikasiya sahibləri əsasən Rusiya Federasiyası və Ukrayna ali təhsil müəssisələrinin (ATM) payına düşür. 19 dekabr 2025-ci il tarixində DİM tərəfindən “Hüquqşünaslıq” ixtisası üzrə təşkil edilən peşə imtahanında Rusiya Federasiyası ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərindən 37 müraciətçidən 22-sinin, Ukrayna ATM-lərindən əldə olunan kvalifikasiya sahiblərindən isə 29 nəfərdən 16-sının uğursuz nəticəsi qeydə alınıb. Hüquqşünaslıq” ixtisası üzrə peşə tanınması imtahanında uğursuz nəticə göstərən müraciətçilər kvalifikasiyalarını əsasən Rusiya Federasiyası üzrə Cəzaların İcrası Federal Xidmətinin Hüquq və İdarəetmə Akademiyası, Sankt-Peterburq Dövlət Yanğından Mühafizə Xidməti Universiteti, MİREA-Rusiya Texnoloji Universiteti, A.Qriqoryeviç və N.Qriqoryeviç Stoletovlar adına Vladimir Dövlət Universiteti, Altay Dövlət Universiteti; Ukrayna üzrə isə Xarkov Milli Daxili İşlər Universiteti, Y.Mudrıy adına Milli Hüquq Universiteti, T.Şevçenko adına Kiyev Milli Universiteti, Avropa Universiteti, Gömrük və Maliyyə Universiteti, Kiyev Milli Texnologiyalar və Dizayn Universitetindən əldə edib” // apa
