“İnsan psixologiyasına, şəxsi həyatına və ləyaqətinə toxunan ifadələrin işlədilməsinə, eləcə də dövlətə, hakimiyyətə və ölkə rəhbərliyinə qarşı təhqiramiz ifadələrə qarşı müvafiq addımlar atılmalıdır”.
Bu fikirləri Milli Məclisin plenar iclasında deputat Siyavuş Novruzov səsləndirib.
Deputat bildirib ki, xaricdə oturaraq heç bir məsuliyyət daşımadan insanları təhqir edən, onları mənəvi terrora məruz qoyan şəxslər Cinayət Məcəlləsinə uyğun şəkildə cəzalandırılmalıdır və qanun qarşısında cavab verməlidirlər. Onun sözlərinə görə, belə hallara qarşı birgə və sistemli mübarizə aparılmalıdır.
S.Novruzov qeyd edib ki, bu gün bəzi şəxslər əlinə qələm alan kimi ilk növbədə Milli Məclis deputatları haqqında yazaraq özlərini “məşhurlaşdırmağa” çalışırlar:
“Bu cür hallarla bağlı da müəyyən ölçü götürülməli, həmin şəxslərin yolunu azmasının qarşısı alınmalıdır. Jurnalist peşəsini seçənlər isə fəaliyyətlərində düzgün və məsuliyyətli mövqe tutmalıdırlar”.
Deputat həmçinin televiziya kanallarında yayımlanan veriliş və seriallara da toxunub:
“Onun sözlərinə görə, bu sahədə aidiyyəti qurumlar məsuliyyət daşıyır və efirdə yayılan, mənəvi dəyərlərə zərər vuran məzmun aradan qaldırılmalıdır” // global.info
