Şəfəqə Doğru » Gündəm » "Səhiyyə Nazirliyi və TƏBİB arasında soyuq müharibənin “qurban”ı həkimlər olur"- Açıqlama

"Səhiyyə Nazirliyi və TƏBİB arasında soyuq müharibənin “qurban”ı həkimlər olur"- Açıqlama

"Səhiyyə Nazirliyi və TƏBİB arasında soyuq müharibənin “qurban”ı həkimlər olur"- Açıqlama
“Əmək qanunvericiliyində mövcud olan problemlərin müzakirəsi və həlli yolları” adlı tədbir keçirilib.

Medicina.az-ın xəbərinə  görə, “Müstəqil Həmkarlar Birliyi” və “Qarabağ Əlilləri və Veteranları” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə son zamanlar Elmi Tədqiqat Tibbi Bərpa Mərkəzindən şikayət edən, işdən qanunsuz çıxarıldığı iddia edilən nevroloq Mərziyyə Məmmədova, eləcə də mərkəzin radioloq həkimi Ramin Abdullayevin atası Şakir Abdullayev də iştirak ediblər.
Tədbirdə son illərdə əmək bazarında, istər dövlət, istərsə də özəl sektorda əmək hüquqlarının pozulması hallarının səbəbləri açıqlanıb.
Səhiyyə eksperti Mərziyyə Məmmədova həkim və kiçik tibbi personal üçün 2020-ci ildən İcbari Tibbi Sığorta tərəfindən təsdiq edilmiş əməkhaqqı əlavələrinin tam ödənilməməsi və bu problemlərin həlli üçün dövlət qurumlarına müraciət edənlərin iş yerlərində təqib edilməsinə diqqət çəkib:

“Bu məsələlərlə bağlı illərdir üzv olduğum Həmkarlar ittifaqına müraciət etdikdə “biz yalnız tövsiyə verə bilərik” cavabı ilə qarşılaşırıq”.

M.Məmmədova eyni zamanda son günlər əmək hüquqlarını müdafiə etdiyi üçün təzyiqlərə məruz qalan Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda çalışan radioloq Ramil Abdullayevin işini də misal göstərərək, eyni hadisələrə özünün də məruz qaldığını vurğladı:

“Bütün müraciət etdiyim orqanlar sakitcə mənim işdən qanunsuz azad olunmağıma tamaşa etdi, heç bir tədbir görmədilər. Səhiyyə Nazirliyi və TƏBİB arasında soyuq müharibənin “qurban”ı həkimlər olur. Onları 2-3 vəzifədə təyin edən bu müəssisələrin rəhbərləri ikili ştat cədvəli, mühasibatlıq və sənəd saxtakarlığına, korrupsiya və dövlət əmlakının mənimsənilməsinə çəkinmədən əl atır, bu azmış kimi, onların işlərini yerli həmkarlar komitələri və Səhiyyə Nazirliyinin Daxili Nəzarət şöbəsi ört-basdır edir”.

M.Məmmədova qeyd edib ki, həkim və əlilliyi olan şəxslər müalicə, reabilitasiya, əlillik təyinatı, sosial müavinətlər və işə reinteqrasiya proseslərində müxtəlif dövlət qurumları arasında daşıma əməliyyatına məruz qalırlar. Bu xidmətlərin parçalanmış formada olması səbəbindən vətəndaş bir problemin həlli üçün 4-5 ayrı quruma müraciət etməli olur ki, bu da əlavə vaxt, resurs və bürokratik yük yaradır:

“Hazırkı modeldə eyni iş sahəsinə dair çoxsaylı elektron sistemlər mövcuddur: e-səhiyyə, e-təbib, myGov.az, e-sosial, e-ərizə, DOST sistemi və sair. Lakin bu sistemlər bir-birilə inteqrasiya olunmadığı üçün xəstənin məlumatı müxtəlif platformalarda təkrar toplanır, bəzən isə ümumiyyətlə itir və proses uzanır. Əlilliyi olan və ya xəstə olan şəxslər onsuz da zəif vəziyyətdədirlər. Onlardan 5 ayrı quruma müraciət etməyi tələb etmək ədalətli deyil. Dünyada bu xidmətlər vahid sistemlə - bir pəncərə ilə təşkil olunur”.


Müzakirələrdə iştirak edən Şakir Abdullayev deyilənləri təsdiqləyərək, bütün təqiblərin nəticəsində oğlu doktor Ramil Abdullayevin bu gün səhər fiziki və mənəvi çöküş səbəbindən xəstəxanaya yerləşdirildiyini bildirdi. O qeyd etdi ki, oğlunu bu vəziyyətə salan şəxslərə qarşı qanun çərçivəsində amansız mübarizəyə başlayır və dövlətin yaratdığı hüquqi imkanlarla oğlunun mübarizəsini dəstəkləyəcək.

Müzakirələrin sonunda yekun müraciət - təkliflər siyahısının hazırlanması barədə qərar qəbul olunub. Bu sənəd müraciət Prezidentə və Milli Məclisə göndəriləcək.