“Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı” İctimai Birliyinin sədri Mirvari Qəhrəmanova İnsan Hüquqları Komitəsinin iclasında ixtisarlardan danışıb.
Onun sözlərinə görə, ölkədə kütləvi ixtisarlar gedir, işsizlik sürətlə artır və xüsusilə aşağı kateqoriyalı işçilər bu prosesdən təsirlənir.
Qəhrəmanova misal gətirib ki, "Azəriqaz"da 80 xadimə imtahan verə bilmədiyi üçün işdən çıxarılıb.
Sosial Hüquqların Müdafiə Mərkəzinin rəhbəri Xəzər Teyyublu Tribuna.az saytına bildirib ki, Azəriqaz xadimələri işdən azad etməsinin səbəblərinə aydınlıq gətirməlidir.
Onun sözlərinə görə, Azərbaycan dünyaya qaz ixrac edən ölkədir və Avropanın enerji təminatında mühüm rol oynayır: “Belə bir enerji resurslarına malik ölkədə Azəriqaz kimi qurumun xadimələri işsiz qoyması başadüşülən deyil. Əvvəla, Azəriqazın potensialı və resursları onlara maaş verməyə çatır. İkincisi, əhalinin sosial şəraitinin pisləşdiyi vaxtda vətəndaşları işsiz qoymaq onların hüquqlarını pozmaqdır. Cənab prezident bildirib ki, ixtisar aparılmamalı, vətəndaşlar işlə təmin olunmalıdırlar. Ona görə də Azəriqaz və digər qurumlar ixtisarlarla bağlı ictimaiyyətə izah verməlidirlər”.
