Şəfəqə Doğru » Gündəm » Metsamor AES-nın işi dayandırılıb

Metsamor AES-nın işi dayandırılıb

Metsamor AES-nın işi dayandırılıb

Dünəndən etibarən Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) fəaliyyəti planlı təmir işləri ilə əlaqədar beş ay müddətinə dayandırılıb.

Bu barədə Ermənistan KİV məlumat yayıb.

Nazirin sözlərinə əsasən, fəaliyyətin dayandırılması stansiyanın istismar müddətinin 2036-cı ilədək uzadılması məqsədilə aparılan tədbirlərlə bağlıdır. Fasilə ümumilikdə 153 gün çəkəcək, baxmayaraq ki, ənənəvi illik texniki baxış zamanı bu müddət, adətən, 45 gündən artıq olmur. Vaxtın uzun olması planlaşdırılan işlərin geniş miqyası ilə izah edilir.

Stansiyanın baş direktoru Eduard Martirosyanın daha öncə bildirdiyi kimi, yeni sistemlərin quraşdırılması məqsədilə "Rosatom" dövlət korporasiyası ilə çərçivə sazişi imzalanıb. Başlanğıcda təmir üçün təqribən 160 gün nəzərdə tutulsa da, Rusiya tərəfi ilə aparılan danışıqlar nəticəsində müddət 140 günə qədər azaldılıb. Bununla belə, enerji blokunun fəaliyyətinin dayandırılması və yenidən istifadəyə verilməsi üçün əlavə zamana ehtiyac yaranacaq.

İstismar müddətinin uzadılmasına yönəlmiş ikinci mərhələ çərçivəsində stansiyanın soyutma sisteminin yenilənməsi nəzərdə tutulur.

Gələcək planlara toxunan Xudatyan qeyd edib ki, Ermənistanda inşa ediləcək yeni atom elektrik stansiyası modul tipli olacaq. Bu layihə üzrə yekun qərarın verilməsi 2026-cı ilə, ən gec isə 2027-ci ilin əvvəllərinə planlaşdırılır.

Metsamor AES Ermənistanın elektrik enerjisinə olan tələbatının təqribən üçdəbirini ödəyir. Stansiyanın birinci bloku 1976-cı ilin dekabrında, ikinci bloku isə 1980-ci ilin yanvarında istifadəyə verilib. 1989-cu ildə baş verən Spitak zəlzələsindən sonra fəaliyyəti dayandırılan stansiyanın ikinci bloku 1995-ci ilin noyabrında yenidən işə salınıb.

Xatırladaq ki, 2023-cü ilin dekabrında "Rosatom Service" ilə "Ermənistan Atom Elektrik Stansiyası" QSC arasında AES-in işlək müddətinin 2036-cı ilədək artırılmasına dair proqramın reallaşdırılması üçün çərçivə sazişi bağlanıb //oxuaz