Şəfəqə Doğru » Gündəm » Latviyada baş nazir istefa verib

Latviyada baş nazir istefa verib

Latviyada baş nazir istefa verib

Latviya Baş naziri Evika Siliņa istefa verib.

Bu barədə “LSM” məlumat yayıb.

“Baş nazir Evika Siliņa 14 mayda keçirilən mətbuat konfransında istefa verdiyini elan edib. Bununla da hökumət faktiki olaraq dağılıb”, — deyə bildirib.

Nəşrin məlumatına görə, 7 mayda bir neçə Ukrayna dronunun Latviya hava məkanına daxil olaraq neft bazalarına düşməsi hadisəsindən sonra Siliņa müdafiə naziri Andris Sprudsun istefasını tələb edib.

Spruds isə ordunun siyasi proseslərə cəlb olunmaması üçün vəzifəsindən gedib.

Onun yerinə yeni müdafiə naziri kimi polkovnik Rayvis Melnis təyin edilib.

Bundan sonra “Proqressivlər” partiyası Baş naziri dəstəkləmədiyini açıqlayıb, amma öz nazirlərini hökumətdən geri çağırmayıb.

Eyni zamanda partiya prezidentə yeni hökumətin formalaşdırılması üçün dərhal məsləhətləşmələrə başlamağı çağırıb. Müxalifət də Baş nazirin istefasına nail olmağa çalışıb.

Qeyd edək ki, 7 mayda Ukraynaya aid olduğu ehtimal edilən bir neçə hərbi dron Rusiyadan keçərək Latviya hava məkanına daxil olub. Dronlardan biri neft anbarına düşüb və boş çənlərə zərər verib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb, amma təhlükəsizlik həyəcanı yaranıb. İlkin ehtimala görə, dronlar Rusiyaya hücum üçün istifadə olunurdu, amma elektron müdaxilə səbəbilə istiqamətini itirib və Latviyaya düşüb. Hadisədən sonra Latviyada müdafiə naziri istefa verib və ölkədə siyasi böhran başlayıb.