Ağstafa rayonunda 29 yaşlı kişi həmyerlisinə xəsarət yetirib.
Teleqraf-ın məlumatına görə, hadisə Ağstafa şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən “Şamlıq” kafesinin həyətində baş verib.
1997-ci il təvəllüdlü Nicat kafedə müştəri qismində olan tanışı Rəfailin yüksək səslə qulaq asdığı musiqinin səsini azaltmağı tələb edib.
Rəfail səsi azaltmayacağını bildirib, nalayiq söyüşlər söyüb və bu zəmində mübahisə baş verib. Nicat Rəfailin sinəsindən təpiklə vurub. Yerə yıxıldıqdan sonra isə təpik və yumruqla onun bədəninin müxtəlif hissələrinə zərbələr endirib.
Rəfailin söyüş söyməkdə davam etdiyini görən Nicat stolun üstündən götürdüyü şüşə bakalı onun başına vurub.
Nicat məhkəmədə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, pivə içmək üçün “Şamlıq” adlanan kafeyə gedib: “Bir masada əyləşərək pivə sifariş etdim. Rəfail də yan masada oturmuşdu, yüksək səslə musiqiyə qulaq asırdı. Yarım saat sonra ona musiqinin səsini azaltmasını bildirdim. Nalayiq sözlər işlədərək səsi azaltmayacağını dedi. Aramızda dava düşdü, bir-birimizi vurmağa başladıq.
Bir neçə dəqiqə sonra ayrıldıq. Mən Rəfaili bakalla vurmamışam. Onun baş nahiyəsindən aldığı zərbə yerə yıxılarkən yaranıb”.
Zərərçəkmiş Rəfailin sözlərinə görə, ailə üzvləri ilə Ağstafa şəhərində yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir: “İkinci Qarabağ Müharibəsinin iştirakçısı olmuşam, qaziyəm, 2-ci qrup əliləm. Məlum hadisə günü saat 22 radələrində sinif yoldaşım və dostum Qorxmazla votsapda yazışdıq, qərara gəldik ki, o, işdən çıxdıqdan sonra kafedə pivə içək.
Qorxmazla kafeyə daxil olub boş masalardan birində əyləşdik. Təxminən 1 saat sonra uzun müddət tanıdığım Nicat kafeyə gəldi. Onu görəndə Qorxmazla yerimizdən qalxdıq, görüşdük, hal-əhval tutduq. Bir müddət sonra Qorxmaz sabah tezdən işə gedəcəyini bildirərək getdi.
Ofisiantdan kənarda oxuyan səs gücləndiricini mənim stoluma gətirməsini istədim və telefonumla “Bluetooth” vasitəsilə qoşularaq mahnı oxutmağa başladım”.
Yüksək səslə musiqiyə qulaq asdığı üçün yan masada əyləşən tanışı Nicat ona narazılığını bildirib: “Ondan öncə ofisiantlar da səsin yüksək olduğunu demişdilər və bu barədə xəbərdarlıq etmişdilər.
Nicat narazılığını bildirdikdə yerimdən qalxıb onun əyləşdiyi masaya doğru getdim. O da mənə tərəf gəldi, içkili olduğumu deyərək sinəmdən geriyə itələdi. Əlbəyaxa olduq, sərxoş olduğum üçün hadisənin necə baş verdiyini xatırlaya bilmirəm. Kənarda olan şəxslər Nicatın əlində olan bakalla başımdan vuraraq qaçdığını dedilər. Üst-başım qan içində idi. Məni Ağstafa rayon Mərkəzi Xəstəxanasına apardılar”.
Ağstafa Rayon Məhkəməsi Nicatı 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edib.
Hökmə əsasən, təqsirləndirilən şəxsə yaşayış yerini cəzaçəkmə müddəti ərzində hər gün axşam saat 22:30-dan növbəti gün saat 06:00-dək tərk etməsinə, yaşadığı Ağstafa rayonu, həmçinin Qazax rayonu ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulub.
Hökmdən məhkum tərəfindən apellyasiya şikayəti verilib. O, barəsində bəraət hökmü çıxarılmasını xahiş edib.
Şikayətə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Şikayət araşdırılan mərhələdə dövlət ittihamçısı vəsatətlə çıxış edib. O, vəsatətdə qeyd edib ki, birinci instansiya məhkəməsində işə baxılarkən Cinayət-Prosessual Məcəlləsinin 391.8.6-ci (birinci instansiya məhkəməsində məhkəmə baxışı təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə keçirildikdə) maddəsinin tələbləri kobud şəkildə pozulub.
Hakimlər heyəti apellyasiya şikayətinin baxılmasına xitam veriblər. Ağstafa Rayon Məhkəməsinin hökmü ləğv edilib və cinayət işi birinci instansiya məhkəməsinə yeni məhkəmə baxışına göndərilib.
Yenidən araşdırma zamanı təqsirləndirilən şəxsin barəsində yeni hökm çıxarılıb. Təqsirləndirilən şəxsin barəsində “Konstitusiya və suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında 19 dekabr 2025-ci il tarixli qərarın 5.1-ci bəndi tətbiq edilib. O, cinayət məsuliyyətindən azad edilib və cinayət işi üzrə icraata xitam verilib.
Təqsirləndirilən şəxsin barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilib.
