Ötən sayımızda məlumat verdiyimiz kimi, bu gün Emin Uçarın səhmdarı olduğu bildirilən daha bir şirkətin həyata keçirdiyi yol tikintisi layihəsində müşahidə olunan nöqsanlarla bağlı yerində müşahidələr apardıq.
Möhtərəm Prezident cənab İlham Əliyevin ölkə üzrə yeni avtomobil yollarının tikintisi və yenidən qurulması ilə bağlı verdiyi tapşırıq və sərəncamlar həm sürücülərin təhlükəsiz hərəkətinin təmin edilməsinə, həm də ölkəmizin sosial-iqtisadi inkişafına mühüm töhfə verir. Bu baxımdan, həyata keçirilən layihələrin keyfiyyətlə icra olunması xüsusi əhəmiyyət daşıyır.
Müşahidələrimizə əsasən, Ağstafa–Həsənsu–Qırmızı Körpü avtomobil yolunun "Maqro" şirkəti tərəfindən inşa edildiyi bildirilən hissəsində, xüsusilə Qazax rayonunun II Şıxlı kəndi ərazisindən keçən bir neçə kilometrlik hissədə yol örtüyünün nəzərəçarpacaq dərəcədə nahamar olduğu görünür. Bu vəziyyət bəzi sürücülərdə narahatlıq yaradır və yüksək sürətlə hərəkət zamanı təhlükəsizlik baxımından risk yarada biləcəyi ehtimal edilir.
Əldə etdiyimiz məlumata görə, yolun tikintisi cari ilin aprel ayında başa çatdırılıb və qısa müddət sonra həmin hissəyə yenidən asfalt qatı çəkilib. Lakin görünən odur ki, bu tədbir yol səthindəki nahamarlığın tam aradan qaldırılması üçün kifayət etməyib.
Yol nişanlarında göstərilən sürət həddinə uyğun hərəkət edən sürücülərin belə ehtiyatlı olmalarını tövsiyə edirik. Eyni zamanda ümid edirik ki, aidiyyəti dövlət qurumları qeyd olunan hissəyə baxış keçirəcək, mövcud vəziyyəti qiymətləndirəcək və zərurət yaranacağı təqdirdə çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər görəcəklər.
Sonda qeyd etmək istərdik ki, məqsədimiz hər hansı şəxs və ya şirkəti hədəf almaq deyil. Məqsədimiz ictimai maraq doğuran məsələləri diqqətə çatdırmaq və yol hərəkəti təhlükəsizliyinə töhfə verməkdir. Eyni zamanda mümkündür ki, Emin Uçar yolun tikintisi prosesində birbaşa iştirak etmədiyindən və ya bölgədə daimi olmadığından, səhmdarı olduğu bildirilən müəssisələrdə, o cümlədən "Arkoz Qazax Sement Zavodu" ilə bağlı səsləndirilən özbaşınalıqlardan tam məlumatlı olmasın.
shafaqadoğru.com