Şəfəqə Doğru » Gündəm » Şəmkirdə gənclər arasında dini maarifçilik mövzusunda regional konfrans keçirilib

Şəmkirdə gənclər arasında dini maarifçilik mövzusunda regional konfrans keçirilib

Şəmkirdə gənclər arasında dini maarifçilik mövzusunda regional konfrans keçirilib

Şəmkirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Gənclər arasında dini maarifçilik: ənənəvi dəyərlər və rəqəmsal platformalar" mövzusunda regional konfrans keçirilib.

"Report"un Qərb bürosunun məlumatına görə, ilk olaraq konfransda Azərbaycanın Dövlət Himni səsləndirilib və "Azərbaycan – sülh və harmoniya məkanı" adlı videoçarx nümayiş etdirilib.

Tədbirdə Dövlət Komitəsinin, Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ictimaiyyət nümayəndələri, ilahiyyatçılar, eləcə də Tovuz, Qazax, Ağstafa, Şəmkir, Gədəbəy rayonlarından olan din xadimləri və dini icma sədrləri iştirak ediblər.

Açılış mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycanda dini maarifçiliyin ənənələrdən ayrı düşməmiş, ictimai həmrəyliyin möhkəmlənməsi və sağlam vətəndaş mövqeyinin formalaşmasına xidmət etdiyini bildirib:

"Milli-mənəvi dəyərlərimiz müasir cəmiyyətimizin sabitliyini təmin edən, gənclərdə sağlam dini düşüncə formalaşdıran əsas amildir. Tarixi yaddaşını, milli kimliyini və mənəvi köklərini yaxşı tanıyan gənci yad ideyaların təsiri altına salmaq daha çətindir. Öz xalqının irsini mənimsəmiş gənc qarşısına çıxan məlumatı öz dəyərləri, biliyi və vətəndaş məsuliyyəti əsasında qiymətləndirə bilir. Bu baxımdan, dini maarifləndirmənin məqsədi gənclərin milli kimliyə, dövlətçilik ənənələrinə, tarixi yaddaşa və Vətənə bağlılığını daha da möhkəmləndirməkdir.

Dini maarifçiliyin qarşısında duran əsas vəzifələrdən biri gənclərdə rəqəmsal informasiya axını daxilində düzgün seçim etmək bacarığı formalaşdırmaqdır. Gənc hansı mənbəyə etibar edə biləcəyini, müəllifin məqsədini, dini məlumatın mötəbərliyini hansı meyarlarla yoxlayacağını bilməlidir. Azərbaycanda dövlətçilik, milli kimlik və din bir-birini tamamlayan, xalqımızın mənəvi dünyasını formalaşdıran vahid dəyərlər sistemidir. Azərbaycan insanı dini inancını yaşamaqla yanaşı, xalqına, torpağına, dövlətinə və bayrağına bağlılığı hər zaman mənəvi borc hesab edib".

Konfrans "Dini maarifləndirmə işində müasir yanaşmalar və prioritetlər" və "Gənclər, sosial media və milli-mənəvi dəyərlər" mövzuları üzrə panel müzakirələrlə davam edib