Şəfəqə Doğru » Gündəm » Hansı təhlükəlidir: Jurnalistin sorğusu yoxsa müəssisənin səssizliyi?

Hansı təhlükəlidir: Jurnalistin sorğusu yoxsa müəssisənin səssizliyi?

Hansı təhlükəlidir: Jurnalistin sorğusu yoxsa müəssisənin səssizliyi?

Prezident İlham Əliyevin müxtəlif çıxışlarında jurnalistikanın cəmiyyətdə baş verən problemlərin üzə çıxarılmasında mühüm rol oynadığı dəfələrlə vurğulanıb. Xüsusilə korrupsiya, rüşvətxorluq, bürokratiya, məmur özbaşınalığı və insanların hüquqlarının pozulması kimi halların ictimailəşdirilməsinin əhəmiyyətinə diqqət çəkilib.

Prezidentin ifadə etdiyi kimi, “Bürokratiya, korrupsiya, rüşvətxorluq, özbaşınalıq, yekəxanalıqla bağlı olan mövzular, araşdırmalar bizim ümumi işimizə dəstək verir.”

Bu mövqedən çıxış etdikdə jurnalistin hər hansı müəssisədə, dövlət və ya özəl sektorda mümkün qanun pozuntularını, əmək hüquqlarının pozulmasını, maliyyə şəffaflığı ilə bağlı sualları və digər ictimai əhəmiyyətli məsələləri araşdırması normal jurnalist fəaliyyətinin tərkib hissəsidir.

Jurnalistikada  məqsəd kimisə əvvəlcədən təqsirli elan etmək deyil. Burada məqsəd ictimai əhəmiyyət daşıyan suallar qoymaq, mövcud iddiaları araşdırmaq, aidiyyəti şəxslərin mövqeyini öyrənmək və cəmiyyətə məlumat verməkdir.

Əgər hər hansı müəssisədə qanun pozuntusu yoxdursa, bunun ən doğru yolu jurnalistin suallarına cavab vermək və mövcud sənədlərlə məsələyə aydınlıq gətirməkdir. Əgər nöqsan varsa, onun araşdırılması və aradan qaldırılması isə həm həmin müəssisənin, həm dövlətin, həm də cəmiyyətin marağında olmalıdır.

Çünki hansısa jurnalistin sual verməsi təhlükə deyil. Təhlükə ictimai əhəmiyyətli sualların cavabsız qalmasıdır.

Məhz buna görə də biz qaldırdığımız məsələlərə münasibət bildiriləcəyinə, səsləndirdiyimiz iddiaların araşdırılacağına və  hansısa qanun pozuntusu varsa onlara hüquqi qiymət veriləcəyinə inamımızı hələ  də saxlamaqdayıq.

Mətbuatın vəzifəsi susmaq deyil, sual verməkdir. Vəzifəlilərin və cəmiyyətin gücü isə həmin suallara cavab verə bilməkdədir. 

Şəfəqə Doğru redaksiyası