Şəfəqə Doğru » Gündəm » Biganəliyin yaratdığı özbaşnalıq

Biganəliyin yaratdığı özbaşnalıq

Biganəliyin yaratdığı özbaşnalıq

Bir müddətdir ki, “Arkoz Qazax Sement Zavodu” MMC-nin daxilində ayrı-ayrı sahələr üzrə baş verdiyi iddia olunan özbaşınalıqlar və müəssisədə formalaşdığı bildirilən qeyri-sağlam idarəçilik mühiti barədə yazırıq. Son zamanlar apardığımız araşdırmalardan narahat olduqlarını düşündüyümüz zavod rəhbərliyi və əlaqəli şəxslər tərəfindən saytımıza qarşı müxtəlif əngəllərin yaradıldığını müşahidə edirik. Hətta iki dəfə məhkəməyə müraciət edilərək saytımıza qarşı müvəqqəti təminat tədbirinin tətbiq olunması istənilib. Məhkəmənin qərarı ilə yayımın dayandırılması üçün ciddi əsasların olmadığı müəyyən edildikdən sonra belə, təzyiq xarakterli addımların səngimədiyi qənaətindəyik. Əksinə, bundan sonra zavod daxilində bizimlə əlaqəsi və ya qohumluq münasibəti olduğu ehtimal edilən şəxslərin araşdırılmasına başlanıldığı barədə məlumatlar əldə etmişik. Əgər belə şəxslərin müəyyənləşdirilməsi məqsədi onlara təzyiq göstərmək və ya iş yerlərində çətinlik yaratmaqdırsa, bu, artıq ayrıca araşdırılmalı məsələdir. Biz əvvəlki yazılarımızda səsləndirdiyimiz iddialarla bağlı qarşı tərəfdən münasibət öyrənməyə dəfələrlə cəhd etmişik. Hər bir yazının sonunda da açıq şəkildə bildirmişik ki, qarşı tərəf öz mövqeyini təqdim etmək istədiyi halda ona söz verməyə hazırıq.

İlk olaraq Emin bəyə “WhatsApp” vasitəsilə kiçik bir məsələnin həlli ilə bağlı aidiyyəti şəxslərə tapşırıq verməsini xahiş etmişik. Daha sonra Nahid Salehov və Ruslan M. ilə görüşərək məsələ ilə bağlı onların da mövqeyini öyrənməyə və problemin həllinə nail olmağa çalışmışıq. Şəxsən mən Turan M. ilə telefon əlaqəsi saxlayaraq bir sıra iddialara aydınlıq gətirməyə çalışmışam. O isə suallarımıza cavab verməyəcəyini, bunun zavod sirri olduğunu bildirib. Sualların cavablandırılmamasının məsuliyyət yarada biləcəyini bildirdikdə isə “özünüz bilərsiniz, nə istəyirsiniz edin” məzmununda cavab verib.

Maraqlıdır ki, yazılarımızdan birində zavodun region üçün iqtisadi əhəmiyyətini nəzərə alaraq onu “regionun ən böyük və əhəmiyyətli zavodu” kimi təqdim etməyimiz belə mübahisə mövzusuna çevrilib.

Əsas sual isə budur: Nə gizlədilir və niyə gizlədilir?

Haqqında müxtəlif iddialar səsləndirilən Nahid S., Orxan M., Ruslan M. və Turan M. ilə bağlı məsələləri araşdırmaqda davam edirik. Xüsusilə xammal alışında və daşınmasında qiymətlərin şişirdilməsi, faktiki qiymətlərlə sənədlərdə göstərilən məbləğlər arasında fərq yaranması və həmin fərqin kimlərin maraqlarına xidmət etməsi ilə bağlı ciddi suallarımız var. Əgər bu fərqlər həqiqətən mövcuddursa, həmin vəsaitlərin hara yönəldilməsi və bu prosesdə kimlərin iştirak etməsi aidiyyəti hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır.

Bəzi zavod işçilərinin bildirdiyinə görə, adı çəkilən şəxslərin müəyyən məsələlərdə özlərini kifayət qədər sərbəst aparmasının arxasında daha yüksək vəzifəli şəxslərin dəstəyi dayanır. Bu iddiaların nə dərəcədə doğru olub-olmadığını isə zaman və araşdırmalar göstərəcək.

Digər tərəfdən, zavodun nüfuzuna xələl gətirən şəxslərin jurnalistlər və ya media deyil, əgər doğrudan da belə hallar mövcuddursa, müəssisəyə rəhbərlik etmək üçün etimad göstərilən vəzifəli şəxslərin hərəkətləri ola biləcəyini də qeyd etmək lazımdır.

Hazırda bütün yaradılan çətinliklərə baxmayaraq, xammal alışları və daşınma xərcləri ilə bağlı araşdırmalarımızı davam etdiririk.

Bir daha aidiyyəti dövlət qurumlarına müraciət edərək xahiş edirik: Xammal alış və daşınma qiymətlərinin bilərəkdən şişirdilməsi, faktiki və sənədləşdirilmiş qiymətlər arasında yaranan fərqin mənimsənilməsi ehtimalının, habelə bu prosesdə vəzifəli şəxslərin və digər şəxslərin mümkün iştirakının araşdırılması təmin edilsin.

Əgər araşdırmalar nəticəsində belə bir halın olmadığı müəyyənləşərsə, buna da öz yazılarımızda yer verməyə hazırıq. Qarşı tərəf də əvvəlki yazılarımızda olduğu kimi, öz mövqeyini, fakt və sənədlərini təqdim etmək istədiyi halda, buna imkan yaratmağa hazırıq. Çünki bizim üçün əsas məsələ kiminsə susdurulması deyil, sualların cavablandırılmasıdır.


                                                                                                                                  Niyamet Novruov