Şəfəqə Doğru » Gündəm » Fransanın keçmiş Baş naziri vəfat etdi və o, “erməni” əsilli filan deyil

Fransanın keçmiş Baş naziri vəfat etdi və o, “erməni” əsilli filan deyil

Fransanın keçmiş Baş naziri vəfat etdi və o, “erməni” əsilli filan deyil

1929-cu ildə Türkiyədə doğulmuş, ulu babaları Azərbaycandan olan bu siyasətçi haqda təəssüf ki, ölkəmizdə az bilinir. 97 yaşında vəfat edən Eduar Balladur fransız mühafizəkar siyasətçilərin arasında böyük hörmətli olan, “ağırçəkili” fiqurlardan biri idi. Bəzi qaynaqlarda ona "erməni" deyilsə də, bu əslində bir erməni yalanıdır, məlum diasporanın uydurmalarından biridir.

Balladur ailəsi haqqında məlumat 18-ci əsrə qədər gedib çıxır. Ballardurlar 1737-ci ildə Naxçıvandan İzmirə köçərək əvvəl Osmanlı təbəəsi olmuş və çox sonralar isə Cümhuriyyət qanunlarına əsasən türk (“hər Türkiyə vətəndaşı türkdür” tərifinə əsasən) olmuşdular. Bəlkə də təsadüf deyil ki, uzun illər sonra prezidentliyə favorit olan Eduar Balladur haqqında dövrünün eks-prezidenti Valeri Jiskar Destən, “hər halda bir türkün Fransa prezidenti olmağına imkan verəsi deyilik” dediyinə dair söhbətlər dolaşırdı. İddia olunur ki, bunu onun rəqibi Jak Şirakla görüşdə deyibmiş. 

Erməni diasporası Eduar Balladur-a uzun müddət “erməni” mənşəyini yamamağa çalışsa da, həm şəxsən özü, həm də bütün ailə tarixçəsi, eləcə də siyasi karyerası bunu inkar edirdi. Ancaq, təəssüf ki, buna hətta ölkəmizdə də inanlar var kimi görünür. Yalandır. 

Əvvəla, Balladur ifadəsi (ki, soyadın “Bal ilə yaşa, bal ilə dur, qal” etimologiyasi istisna edilmir) güman ki, italyan-latın soyadı idi və böyük ehtimalla latınca “ballatorium”, “rəqs edilən yer” ifadəsindən gəlirdi. İkincisi, bu ailə katolik-dominikan olubdur, hətta Naxçıvanda yaşayarkən belə. Yəni, erməni-qriqoryan olmayıblar. Beləliklə, soyad bir yana, dinləri də ermənilərlə əlaqəsiz idi. 

Ailə tarixçəsində yazılmasa da, güman etmək olar ki, onun ailəsi ya elə əvvəldən İtaliyadan missioner kimi ya da tacir kimi gəlmiş ola bilərdilər. İkinci variant, o dövrdə gələn missionerlərin sayəsində bəzi yerli sakinlərin elə xristianlığı qəbul edib, katolik inancına keçmiş olma ehtimalıdır. Bu zəif ehtimaldır, çünki, yerlilərin islamdan xristianlığa keçməsi inandırıcı gəlmir. Hər halda, ailənin Naxçıvana “gəlmə” olduğunu deyən məlumat da yoxdur, olsa idi belə, bu onların burada yerləşdikdən sonra, azərbaycanlı olması faktını dəyişməzdi. Gəldi, yerləşdi, oldu buralı.

Ailənin tarixçəsi Nadir şah Əfşarın faktiki olaraq hakimiyyəti ələ almasından bir il sonra, Balladurların Osmanlıya köçdüyünü deyir. Onlar, 1795-ci ildə Osmanlı sultanı 3. Səlim tərəfindən əcəmli, “fars” qrupundan çıxarılıb “frank” statusuna keçirilirlər. Halbuki, erməni olsa idilər, erməni kimi qeydiyyatın Osmanlı ərazisində hətta bəzi imtiyazları da vardı. Bunu etməyiblər. Üstəlik, ermənilərdən fərqli olaraq, dərzilik, zərgərlik kimi məsləklərə deyil, məhz İzmirdə yerləşib bank və xarici ticarətə yönəlmələrini qeyd etməliyik. Bu da yenə bu ailənin ermənilər ilə mədəni olaraq, ya da ticari olaraq bir əlaqəsinin olmadığını sübut edir. 

Beləliklə Balladurlar 20-ci əsrə qədər, Cümhuriyyətin ilk illərinə qədər Türkiyədə qalırlar və türk katolik-frank icmasının tərkibi olaraq yaşayırlar. 

Məlumdur ki, İzmir ötən əsrin 20-ci illərində icmalararası ziddiyyətlərdən əziyyət çəkən bir şəhər idi. Bu səbəblə, Balladur ailəsi, o cümlədən artıq Türkiyədə, türk vətəndaşı olaraq doğulan Eduar da daxil olmaqla Fransaya köçürlər. Osmanlıda frank olaraq qeyd olunmuş ailələlərin vətəndaşlıq alması asan olduğuna görə Balladurlar, tezliklə vətəndaşlığa qəbul olunurlar. 

Zəngin ailədən olması onun siyasi karyerasına da, təhsil seçimlərinə də təsir edir və o siyasətdə uğurla yüksəlir. Mühafizəkar respublikaçı səflərdə qurduğu karyerası Eduar Balladura uğurlu funksiyalarda yer almağa imkan verir və Baş nazirliyə qədər yüksəldir. Və bütün bu karyerasının özü də onun hansısa “erməni” əsli ilə bağlı iddiaları yalan çıxarır. Belə ki, o, erməni “soyqırım”-ı ilə bağlı Daşnaksütyun və erməni diasporası fəallarının dəstək arzularını tam görməzlikdən gəlir və bu məsələyə heç diqqət yetirmir. Üstəlik, onun mənsub olduğu siyasi cəbhədə Sarkozy, Valeri Boye və Patrik Dəvəçiyan kimi erbət və odioz türk düşmanı və ermənipərəsət fürsətbazların çoxluq təşkil etməsinə baxmayaraq, Balladur bu məsələyə birbaşa qatılmamışdır. Buna bənzər davranış, soyuqluq müğənni Şarl Aznavur (Aznavuryan rəsmi soyadı idi) tərəfindən də göstərilsə də o, heç vaxt erməni kimliyini danmayıb. Hətta bəzən bundan yararlana da bilib. Balladurun erməni olduğunu isə ermənilərdən başqa deyən heç bir ciddi mənbə, insan, şahid (Livan və italyan əsilli bütün icmadaşları, Türkiyədən köçərək Fransaya yerləşən ətrafı və s.) olmayıb. 

Qeyd etmək lazımdır ki, Fransada onun türk vətəndaşlığı kimliyinə vurğu edənlər, məhz onun prezidentlik yolunu kəsmək üçün edirdilər, çünki türk kimliyi siyasi baxımdan Fransada neqativ təsiri olan amildir. Adətən bu kimliyə məhz onun öz siyasi kampından olan, respublikaçı mühafizəkar çevrələrdə sataşılırdı. Halbuki, sol proqressist kəsimdə onu daha çox “fars” (yaxud “persan", "iranlı”) kimliyi ilə təqdim edirdilər. Belə ki, Fransada hələ də İran termini ilə fars termini qarışdırılır və Nadir dövlətinin azərbaycanlı-türk kimliyi barədə ya bilinmir, ya da susulur. Üstəlik, Naxçıvanın Azərbaycanda olduğunu bilənlər varsa belə, bunu qeyd edənlər demək olar ki, tapılmır.