Müdafiə Nazirliyinin (MN) İşlər İdarəsinin sabiq rəisi, polkovnik Elnur Süleymanov və idarənin daha üç əməkdaşı barəsində cinayət işi başlanıb. Məhkəmə önünə çıxarılan keçmiş nazirlik rəsmiləri 1 milyon manatdan artıq dövlət vəsaitini mənimsəməkdə ittiham olunurlar.
Təqsirləndirilən şəxslər sırasında Elnur Süleymanovla yanaşı, idarənin bölmə rəisi, polkovnik-leytenant Emin Əliyev, həmçinin qurumun digər əməkdaşları Məsud İbrahimov və Pərviz Abdullayev yer alır. İstintaq orqanı tərəfindən keçmiş zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə yekun ittiham irəli sürülüb.
Məsuliyyətinə cəlb edilən polkovnik Elnur Süleymanovun adı bundan əvvəl Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun qalmaqallı xərcləmələri ilə bağlı gündəmə gəlmişdi. Elnur Süleymanovun məhkəməyə təqdim etdiyi rəsmi hesabatda yer alan rəqəmlər mətbuatda və ictimaiyyətdə böyük rezonans doğurmuşdu.
Sənəddə qeyd olunurdu ki, Nəcməddin Sadıkov üçün cəmi 6 dəst armudu stəkanın alınmasına dövlət büdcəsindən 21 min manat ödənilib. Bu isə bir dəst stəkanın 3 min 500 manata başa gəlməsi deməkdir. Bundan əlavə, keçmiş baş qərargah rəisinə hər birinin qiyməti 100 manat olmaqla ümumilikdə 8 min manatlıq 80 şüşə çaxır alındığı da rəsmi hesabatda öz əksini tapmışdı.
Hazırda məhkəmə prosesi davam edən təqsirləndirilən şəxslər barəsində həbslə bağlı olmayan alternativ qətimkan tədbiri seçilib. Lakin dövlətə dəymiş 1 milyon manatdan çox ziyan ödənilmədiyi təqdirdə, keçmiş idarə rəisi və onun əməkdaşlarını 14 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir//musavat.com
