Şəfəqə Doğru » Gündəm » Azərbaycanda qadın fermerlər çoxalıb - Ən çox bu rayonlardadır

Azərbaycanda qadın fermerlər çoxalıb - Ən çox bu rayonlardadır

Azərbaycanda qadın fermerlər çoxalıb - Ən çox bu rayonlardadır

Azərbaycanda kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində qeydiyyatda olan qadın fərdi sahibkarların sayı son üç ildə artıb.

Dövlət Statistika Komitəsi Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 2024-cü il yanvarın 1-i vəziyyətinə bu sahələr üzrə 123 262 qadın fərdi sahibkar qeydiyyatda olub. 2025-ci ildə onların sayı 133 388-ə, 2026-cı il yanvarın 1-nə isə 141 695-ə çatıb. Beləliklə, üç il ərzində qadın fərdi sahibkarların sayı 18 433 nəfər artıb.

2026-cı ilin əvvəlinə iqtisadi rayonlar üzrə ən çox qadın fərdi sahibkar Lənkəran-Astara iqtisadi rayonunda – 25 224 nəfər olub. Qazax-Tovuz iqtisadi rayonunda bu göstərici 23 062, Mərkəzi Aranda 13 384, Şəki-Zaqatalada 12 255, Quba-Xaçmazda 10 999, Gəncə-Daşkəsəndə 10 325, Qarabağda 9 896, Naxçıvan Muxtar Respublikasında 8 799, Şirvan-Salyanda 8 763, Mil-Muğanda 7 803, Dağlıq Şirvanda 4 498, Bakı şəhərində 5 084, Abşeron-Xızıda 1 148, Şərqi Zəngəzurda isə 485 nəfər təşkil edib.

Rayonlar arasında ən yüksək göstəricilər Şəmkir və Tovuzda qeydə alınıb. Belə ki, Şəmkirdə 7 411, Tovuzda 7 795 qadın fərdi sahibkar fəaliyyət göstərir. Lənkəranda bu rəqəm 6 946, Masallıda 6 292, Cəlilabadda 5 463, Xaçmazda 4 416, Bərdədə 3 805, Goranboyda 3 055, Qazaxda 3 182, Yevlaxda 3 443, Şəkidə 3 378, Sabirabadda 2 826, Şərurda isə 2 704 nəfərdir.

Statistikada işğaldan azad edilmiş ərazilər üzrə də göstəricilər yer alıb. Şərqi Zəngəzurda qadın fərdi sahibkarların sayı 2024-cü ildə 235 nəfər olduğu halda, 2025-ci ildə 367, 2026-cı ildə isə 485 nəfər olub. Kəlbəcərdə bu göstərici 238, Laçında 157, Cəbrayılda 61, Qubadlıda 19, Zəngilanda isə 10 nəfərdir. Qarabağ iqtisadi rayonunda isə ümumi göstərici 9 896 nəfər olub. Burada Bərdədə 3 805, Ağcabədidə 2 064, Ağdamda 1 553, Tərtərdə 1 589, Füzulidə 672, Xocavənddə 160, Xocalıda 28, Şuşada 23, Xankəndidə isə 2 nəfər qadın fərdi sahibkar qeydiyyatdadır. Ağdərə üzrə göstərici isə 0 olub.

Fəaliyyət növlərinə görə isə qadın fərdi sahibkarlar əsasən bitkiçilik və heyvandarlıqla məşğul olurlar. Ən böyük göstərici dənli bitkilərin becərilməsi sahəsindədir. Bu fəaliyyət üzrə 60 652 qadın fərdi sahibkar qeydiyyatdadır. Südlük iribuynuzlu mal-qaranın yetişdirilməsi ilə 20 058, digər birillik bitkilərin becərilməsi ilə 11 733, digər iribuynuzlu mal-qara və camışların yetişdirilməsi ilə 9 907, qoyun və keçilərin yetişdirilməsi ilə 7 240, ev quşlarının yetişdirilməsi ilə 4 524 nəfər məşğuldur.

Bundan başqa, tərəvəz, bostan bitkiləri və kökümeyvəlilərin becərilməsi üzrə 4 819, kartofun becərilməsi üzrə 2 872, tum və çəyirdəkli meyvələrin becərilməsi üzrə 2 479, sitrus meyvələrinin becərilməsi üzrə 1 580, digər çoxillik bitkilərin becərilməsi üzrə 1 631, pambıqçılıq üzrə 820, arıçılıq və bal istehsalı üzrə isə 478 qadın fərdi sahibkar fəaliyyət göstərir.