ReportBölgələrdəki bir sıra yolların kənarlarında balıq ticarəti ilə məşğul olan satıcılar sürücülər üçün təhlükə yaradırlar.
Shaqfaqadogru.com-un məlumatına görə, müxtəlif növ balıqları satışa çıxaran sakinlər onların diri qalması üçün müəyyən ölçülü qablara su doldurmalı olurlar.
Alqı-satqı yekunlaşdıqdan sonra isə balıqların saxlanıldığı mayelər magistral yollara axıdılır. Bakı-Qazax avtomagistralının Yevlax rayonun Aran qəsəbəsindən keçən hissəsində yaranan təhlükə sürücüləri ciddi narahat edir. Onlar bildirirlər ki, yolda tez-tez hərəkət edən avtomobil sahibləri əraziyə diqqət etsələr də, digərləri sürüşkən yoldan xəbərsiz olub minik vasitələrini qəzadan qaçıra bilmirlər.
Balıq ticarətinin Qarabağ kanalının üzərindəki körpüdə aparılması isə təhlükəni daha da artırır. Əgər şaxtalı havalarda yollar buz bağlasa, sükana hakim ola bilməyən sürücülər nəqliyyat vasitələrini kanala aşıra, qəza törədə bilərlər. Qarşıdakı günlərdə dəyişəcək hava şəraiti isə problemi daha da aktuallaşdırır.