Rusiya baş nazirinin müavini, hərbi müdafiə sənayesinin kuratoru Dmitri Roqozin dünən Bakıya səfərə gəlib. Onun səfəri öncəsi Rusiya KİV-i Bakıda Prezident İlham Əliyevlə Ermənistana verilən "İsgəndər” raket komplekslərinin müzakirə olunacağı haqqında məlumat yaydı.
"Bakı raket komplekslərinin Ermənistana verilməsini neqativ qarşılayıb”, – deyə Rusiya hərbi mənbələri bildiriblər. Roqozinin səfərinin İsrailin baş naziri Benyamin Netanyahunun Bakı səfərindən dərhal sonraya düşməsi baxımından da diqqət çəkdi. Xüsusilə Azərbaycanın Rusiya ilə yanaşı, İsraildən də silah alması fonunda bu təsadüf maraqlıdır.
Bundan başqa, Rusiya ilə Ermənistanın vahid hərbi qoşun yaratması qərarından sonra Roqozin Bakıya gələn ilk rus rəsmisidir. Görünür, Bakı suallarına cavab verilməsini istəyir. Rusiyalı ekspertlər Dmitri Roqozinin Bakı səfərini şərh edib.
Strategiyaların Analizi Mərkəzinin direktor müavini Konstantin Makienkonun fikrincə, Ermənistana "İsgəndər”lərin verilməsi və Azərbaycanın İsraillə hərbi-texniki əməkdaşlığı gücləndirməsi fonunda Moskva Bakıya "hər şey qaydasındadır” demək istəyir. Ekspert qeyd edir ki, Rusiya Azərbaycana hərbi əməkdaşlıqda yeni təkliflər də vermək niyyətindədir.
"Azərbaycan Hindistan, Əlcəzair, Çin, Vyetnam kimi nəhənglərin fonunda Rusiya üçün hərbi-texniki əməkdaşlıq üzrə kifayət qədər əhəmiyyətli tərəfdaşdır. Bununla yanaşı, Bakı siyasi münasibətlərdə də tez-tez Rusiyaya kömək edir. Bu baxımdan, Rusiyaya həm ticarət, həm də siyasi münasibətlərə görə Azərbaycanla münasibətləri saxlamaq vacibdir”.
Lakin ekspert hesab etmir ki, Roqozinin Bakıya gəlişi Netanyahunun səfərinə cavabdır.
"Düşünürəm ki, Roqozinin səfəri çoxdan planlaşdırılmışdı. Əgər Azərbaycan və İsrailin hərbi-texniki əməkdaşlığından danışsaq, bunu tamamilə təbii adlandıra bilərik. Azərbaycan suveren ölkədir və milli maraqlarına uyğun olaraq istədiyi ölkə ilə əməkdaşlıq etmək hüququna malikdir”, – deyə o bildirib.
Ekspert istisna etmir ki, "İsgəndər”lərin Ermənistana verilməsi məsələsi Bakıda müzakirə olunub: "Rusiya bunu "kompensasiya” etmək üçün Bakıya yeni təkliflər verə bilər. Eyni zamanda, Ermənistana "İsgəndər”lərin verilməsi simvolik xarakter daşıyırdı. Məqsəd Ermənistanı sakitləşdirmək idi.
Hesab edirəm ki, Rusiya Azərbaycanın istəklərini nəzərə alaraq, silahlanma üzrə beynəlxalq qanunvericiliyin icazə verdiyi istənilən silah növünü ona çatdırmağa hazırdır. Bura Su-30SM qırıcı-bombardmançıları və vertolyotlar, tank əleyhinə sistemlər və Hava Hücumundan Müdafiə sistemləri, həmçinin, raket-artilleriya sistemləri daxil ola bilər”.
Hərbi ekspert Aleksey Leonkov da təsdiq edir ki, Bakıda Ermənistana verilən "İsgəndər”lərin müzakirəsi aparılıb: "Bu ehtimal güclüdür. Lakin bu raket komplekslərinin Ermənistana verilməsi ilə bağlı heç bir müqavilə yoxdur. Bu raketlər Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində Ermənistana daxil olub və Gümrüdəki Rusiya hərbi bazasında saxlanılır. Həmçinin, "İsgəndər”lər Dağlıq Qarabağ münaqişəsi zonasında istifadə edilə bilməz. Rusiyanın özü bunda maraqlı deyil”.
Ekspert Rusiyanın Qarabağda müharibənin qarşısını almaq üçün istənilən variantdan istifadə etdiyini qeyd edib.