Milli Məclis "Deputatların etik davranış qaydaları” adlı qanun qəbul edəcək
Azərbaycanda deputatların etik davranış qaydaları hazırlanır. Deputatın etik davranış kodeksinin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılması gözlənilir. Sənəddə dövlət qulluqçularında olduğu kimi, deputatın da davranışında, fəaliyyətində, bəyanat və çıxışlarında etik normalar tənzimlənəcək və buna hüquqi müstəvidə yanaşılacaq.
Qeyd edək ki, Azərbaycanda indiyə qədər parlament üzvləri ilə bağlı belə sənəd mövcud olmayıb.
Deputat Fərəc Quliyev açıqlamasında bildirdi ki, deputatlar seçilmiş insanlardırlar, amma o da faktdır bəzən bəzi deputatlar gerçəkdən tutduğu məqama yaraşmayan bəyanatlarla, fikirlərlə çıxış edirlər, xoşagəlməz hallara yol verirlər və bütün bunlar da ictimaiyyətdə ciddi narazılıq yaradır.
Ona görə də "Deputatların etik davranış qaydaları” adlı qanun layihəsinin ortaya çıxması zərurətdən doğub: "Hesab edirəm ki, zaman keçdikcə, Milli Məclis getdikcə sambalını daha da artırdıqca belə xüsusi qaydalara da ehtiyac qalmayacaq. Lakin indiki halda belə bir sənədin qəbulu lazımdır. Son zamanlarda bir neçə deputatın verdiyi açıqlamalar, nəticədə qalmqallların yaranması onu göstərir ki, bir az özünü daxildən senzura etməyənlərə bu formada müdaxiləyə ehtiyac yaranıb. Bir müddət qaydalar tətbiq edildikdən sonra hər halda vəziyyət düzələcək və tədricən aradan qaldırılacaq”.
F.Quliyev hələ ki sözügedən layihə ilə ətraflı tanış olmadığını da dedi: "Parlamentdə İntizam Komissiyası var və davranışlarla bağlı müəyyən təsir imkanları var. Amma son zamanlar siz də şahidsiniz ki, bəzi deputatlar yersiz çıxışlar, yersiz çağırışlar eləməklə, deputat mandatının arxasında dayanıb əlahiddə davranış nümayiş elətdirməklə ”Deputatın davranış qaydaları” adlı xüsusi qanun qəbul edilməsi məsələsini zərurətə çevirmiş oldular. Bu sənəd qəbul olunmalıdır və hər halda, qəbul olunacaq. "Davranış qaydalarını pozan deputatlara cəza hansı formada tətbiq edilməlidir” sualına gəlincə, şübhəsiz ki, qanun qəbul ediləcəksə, orada konkret cəzalar da əksini tapacaq. Amma hələ tanış olmadığım üçün hansı cəzaların nəzərdə tutulduğu barədə konkret fikir söyləyə bilmərəm. Hesab edirəm ki, hər halda, deputatlarla bağlı istənilən qayda qəbul olunanda "Deputat statusu haqqında” Qanuna zidd olmamalıdır. Çünki bu konstitusiya qanunudur və qəbul ediləcək qaydalar və cəzalar sözügedən qanunla ziddiyyət təşkil etməməlidir. Orada çox sərt formada, mandatdan məhrum etmə kimi cəzaları "Deputatın statusu haqqında” Qanunla ziddiyyət təşkil edə bilər. Ona görə də hesab edirəm ki, çox sərt cəza nəzərdə tutulmayacaq. Deputatlıq məqamında olan insanlara kiçicik qınaq və rəsmi irad böyük cəza kimi görünə bilər və təsiri də olar”.