Astaranın icra başçısı Qəzənfər Ağayev dövlət büdcəsini talayıb.
Shafaqadogru.com Vizual.az-a daxil olan məlumata istinadən bildirir ki, icra başçısı prezidentin rayonun abadlığına ayırdığı vəsaitlə öz şəxsi biznesini genişləndirir.
Son illərdə rayona ayrılan vəsaitin necə xərcləndiyinə nəzər salaq:
12 Sentyabr 2013-cü il tarixdə prezident İlham Əliyevin sərəncamı ilə 12 min nəfər əhalinin yaşadığı 21 yaşayış məntəqəsini birləşdirən Deqadi-Pəlikəş avtomobil yolunun tikintisinə 2 milyon manat ayrılıb.
11 dekabr 2014-cü ildə yenə dövlət büdcəsindən Deqadi-Pəlikəş avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə 4,7 milyon manat ayrılması barədə sərəncam imzalanıb.
3 il davam edən və 6,7 milyon manat ayrılan yolun təmiri 2015-ci ilin aprelində başa çatdırılıb. Prezidentin rayona səfəri zamanı yolun təmiri yerli sahibkarlardan yığılan vəsait hesabına yekunlaşıb.
13 aprel 2015-ci ildə Astarada 860 yerlik 2 saylı tam orta məktəb binasının əsaslı təmiri və on iki min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi kəndlərarası avtomobil yollarının yenidən qurulması məqsədi ilə Astara RİH-ə prezidentin ehtiyat fondundan 5,5 milyon manat, o cümlədən 2 saylı tam orta məktəb binasının əsaslı təmiri üçün 2,5 milyon manat, kəndlərarası avtomobil yollarının yenidən qurulması üçün ilkin olaraq 3 milyon manat ayrılıb.
Maraqlısı ondadır ki, icra hakimiyyətinin 2015-ci ilin yekunlarına dair hesabatında ayrılan milyonların taleyindən bəhs olunmur. Son 3 il ərzində rayona ayrılan ümumilikdə 18 milyon manatdan çox vəsaitin hara və necə xərcləndiyi mübhəm qalır.
Yada salaq ki, Q.Ağayev 2006-2012-ci illərdə Masallının icra başçısı olub. Q.Ağayevin Masallıda başçı olduğu 6 il biznes imperiyasının çiçəklənən dövrü də hesab etmək olar.
Başçı dövlət büdcəsindən ayrılan və sahibkarlardan yığılan pullar hesabına şəxsi biznes maraqlarını gerçəkləşdirib. Q.Ağayevin hazırda Masallıda olan obyektlərinin cüzi hissəsini təqdim edirik:
1. Balıq yetişdirmək məqsədi ilə Şərəfə kəndi ərazisindəki su tutarı, sahəsi 10 hektar.
2. Şərəfə kəndində təsərrüfat məqsədli torpaq, sahəsi – 17.5 hektar.
3. Balıqçılıq məqsədi üçün "Qarğalıq Istili”, sahəsi 30 hektar.
4. Kürdəbaz kəndində balıqçılıq məqsədi üçün su tutarı, sahəsi 5 hektar.
5. "Babaser su anbarı”, sahəsi 20 hektar.
6. Masallı şəhəri mərkəzindəki tibbi obyekt, sahəsi 1000 kvadrat metr.
7. Eminli kəndinin örüş sahəsi, sahəsi 15 hektar.
8. Qum-çınqıl satış mərkəzi, sahəsi 2000 kvadrat metr.
9. Qızılağac kəndində su tutarı, sahəsi 20 hektar.
10. "Digah Istili” su tutarı, sahəsi 5 hektar.
11. "Viləşçay” su anbarının ərazisi qorunur, tutulan balıqlar satılır. İnsanlar su anbarına yaxın buraxılmır.
12. "Xalıcallı İstili” su tutarı, sahəsi 134 hektar.
13. Tərəvəz bazarı.
14. Masallının "Qala bazarı” deyilən hissəsində tikilən 40-dan çox obyekt.
15. Olimpiya kompleksi deyilən idman mərkəzi ilə üzbəüz 3 hektarlıq sahə. Həmin ərazidə bir inzibati bina, bir restoran və istirahət üçün 9 "domik” var.
16. Qəriblər kəndi ilə Ərkivan kənd ərazisinin sərhəd hissəsində yarım hektar torpaq sahəsi.
17. Boradigah qəsəbəsində sahəsi 30 hektar olan balıqçılıq təsərrüfatı. 18. Masallı-Bakı magistral yolunun sağ hissəsində sahəsi 12 hektar olan inşaat materialları bazarı.
19. Masallı-Lənkəran magistralı yolunun sol tərəfində "Cənnət bağı” restoranı. Həmin ərazidə çəpərlənmiş 5 hektar meşə zolağı və 10 hektar müxtəlif ağac yetişdirmək üçün sahə.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.