"Əlimdə imkan olsaydı bir çox peşə sahiblərinə, ələxüsus da , müğənnilərə, şou-təqdimatçılarına təxəllüs olaraq hansısa bölgənin adını götürməyi yasaqlayardım”.
Shafaqadogu.com xəbər verir ki, bunu millət vəkili Fazil Mustafa sosial şəbəkədə yazıb.
Deputat deyib ki, bölgə adını təxəllüs kimi götürən şəxs davranışlarında daha ciddi, təmkinli, ədəbli olmalıdır:
"Öz soyadın varsa, atanın adı varsa, yaxud da hansısa duyğuları özündə ifadə edən adlar varsa, buyurun götürün, ancaq bu bölgə adından bir az uzaq durun. Bölgə adını götürən şəxs davranışlarında daha ciddi, təmkinli, ədəbli olmalıdır. Adam ictimai diqqətin yönəldiyi yerlərdə səviyyəsiz, ədəbsiz, yüngül hərəkətlər etməklə yanaşı, həm də bütöv bir bölgəni töhmət altında qoyur, yaxud da ironiya hədəfinə çevirir.
Həm də bu, mənasız və gərəksiz bir regionçuluq duyğusunu cəmiyyətimizdə cücərdir. Naxçıvanlı, Gəncəli, Borçalı, Bərdəli, Qazaxlı, Lənkəranlı, Tovuzlu, Xaçmazlı və s. bölgəsəl təxəllüslər götürüb abırlı davrana bilmirsənsə, niyə kimsə məhz o bölgədən olduğuna görə sənin davranışından xəcalət çəkməlidir?”.