Ermənistan silahlı qüvvələri mülki əhalinin yaşadığı Azərbaycan kəndini gülləbaran edib. Anspress-in Qarabağ müxbirinin verdiyi məlumata görə, ötən axşam 21 radələrində Goranboyun cəbhə xəttinə yaxın yerləşən Tap-Qaraqoyunlu kəndində atəş səsləri eşidilməyə başlayıb.
Qarşı tərəf Azərbaycan ordusunun mövqeləri ilə yanaşı kəndi müxtəlif çaplı silahlardan atəşə məruz qoyub. Təmas xəttində baş verənləri müşahidə edə bilmək üçün açıq əraziyə çıxmağa cəhd edən çəkiliş qrupu bu iş təhlükəli olduğundan istinad divarının arxasına sığınmalı olub.
Təqribən yarım saatdan sonra atışma səngiyir. Gülləbaranın izləri evlərin divarlarında, qapılarda və pəncərələrdə qalıb.
Yaşı 60-ı haqlamış Minə xala ölümdən bir neçə metr sayəsində xilas olub. "Mən divanda oturmuşdum, ayna şaqqıldadı gördüm güllə aynadan girdi qapıya dəydi, qapıdan da keçib divara girdi”.
2 saatlıq sükutdan sonra təmas xəttində yenidən atəşkəs pozulur. Qarşı tərəf bu dəfə yandırıcı güllələrdən də istifadə edir.
Ermənistan silahlı qüvvələri cəbhə xəttində, demək olar ki, hər gün atəşkəsi pozur. Ötən gün də Tap-Qaraqoyunlu istiqamətində qarşı tərəf kəndi və Milli ordumuzun mövqelərini atəşə tutur. Qarşı tərəfi yalnız cavab atəşindən sonra susdurmaq mümkün olur. Hazırda da Tap-Qaraqoyunlu istiqamətində ağır atışmalar gedir.
Erməni mövqeləri Tap-Qarqoyunlu kəndindən yüksəklikdə olduğundan istinad divarları evləri nisbətən güllələrdən qoruyur.
Sakinlər deyir ki, 3 gündür hər gecə kənd şiddətli atəşə məruz qalır. İki gün öncə isə ölümlə üz-üzə qalan kənd sakini Yelena Əhmədova olub: "Şaqqıltıya ayıldım, gördüm ayna düşüb yerə. Güllə də, ayna da qırılıb tökülüb yerə. Mən də yaxınlıqda yatmışdım. Yatdığım yerdə divara dəyib. Hər axşam atılır”.
Azərbaycan ordusunun cavab atəşindən sonra gecəyə doğru şiddətli atışma dayansa da cəbhə xəttində tək-tək güllə səsləri eşidilməyə davam edir. Son 3 gündür baş verən atışmalar zamanı isə kənd sakinləri arasında ölən və yaralanan olmayıb.