Şəfəqə Doğru » Gündəm » Qazax OMON-nun komandiri ölüm aclığını davam etdirir

Qazax OMON-nun komandiri ölüm aclığını davam etdirir

Qazax OMON-nun komandiri ölüm aclığını davam etdirir
Hepatit C-dən əziyyət çəkən Elçin Əmiraslanovun müalicəsinə icazə verilmir; Penitensiar Xidmət ittihamlara cavab verdi...

Keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsinin (OMON) Qazax bölgəsi üzrə sabiq komandiri, Qarabağ əlili, 21 ildir Qobustan həbsxanasında ömürlük məhbus həyatı yaşayan Elçin Əmiraslanov iyunun 1-dən aclıq aksiyasına başlayacaq. Ağır xəstəlikdən əziyyət çəkən E.Əmiraslanov həbs olunduğu ildən bu ilə qədər müalicə alsa da, həbsinin 21-ci ilində ona müalicə olunmağa imkan verilmədiyini deyir.


Getdikcə səhhəti ağırlaşan sabiq komandir çıxış yolunu ölüm aclığında görür. Bunu vəkili Elçin Sadıqovla görüşündə özü də deyib. Vəkil "Yeni Müsavat”a açıqlamasında sabiq komandirlə görüşü barədə bunları dedi: "O həbs olunana qədər sağlam olub. 2009-cu ildən sonra onda Hepatit C aşkar olunub. Bildirib ki, onu Hepatit C olan iki xəstə ilə bir yerdə saxlayıblar, o zaman xəstəliyə yoluxub. İndi də müalicə olunmaq üçün müraciət etsə də, buna razılıq verilmir. Hazırda ağrıları çox şiddətlənib, halı da çox pisdir. Mənə dedi ki, xəstəlikdən ölməkdənsə, aclıqdan öləcəm. Bununla bağlı aidiyyəti qurumlara müraciətlər etmişik, amma hələ də bizə cavab verilməyib”.


E.Əmiraslanovun qızı Aytac Əmiraslanova sonuncu dəfə atası ilə mayın 27-də danışdığını bildirdi: "Atam hər il müalicə almalıdır. Onu da Penitensiar Xidmətə buraxmırlar. Sol əli işləmir, ayağında da problemlər var, bədənində çoxlu qəlpələr qalıb. Müalicə üçün isə Penitensiar Xidmətə nə üçün atamın buraxılmadığının səbəblərini bilmirik. Atama qarşı orada təzyiqlər olsa belə, heç zaman bizə demir. Əvvəllər cəzasını həbsxananın müalicə hissəsində çəksə də, indi yerini dəyişdiriblər. Bura da qapalı, qaranlıq bir yerdir, heç bir şəraiti yoxdur. Qızı olaraq, demək olar ki, o aidiyyəti qurum qalmayıb ki, müraciət etməyim, heç bir cavab verən yoxdur. Mətbuatda da bu barədə çoxlu xəbərlər getdi, amma reaksiya yoxdur. Atam xalq düşməni deyil ki. O, dövləti, xalqı üçün döyüşən şəxs olub, ermənilərə necə zərbələr vurub, bilənlər bilir. Onun etdiklərinin bəlkə də heç yarısını bilmirəm. Yalnız onu istəyirəm ki, atama müalicə almaq üçün icazə versinlər. Bəlkə də atamla bağlı biz bilmədiyimiz nələrsə baş verir. Çünki özü heç vaxt demir. İki aydan bir görüş olur. Axır vaxtlar görüşə gedəndə də bizi incidirlər”.


Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin sədri Akif Nağı E.Əmiraslanovla telefonla danışdığını bildirdi: "Hələ ki Elçin bəyin aclığa başlayacağına heç bir reaksiya görmürük. Onun barəsində sizin qəzetdə də yazı getdi, çox ciddi maraq oldu. Maraq var, amma reaksiya yoxdur. Müraciətlərimizi kifayət qədər etmişik. Gözləyirik ki, aclıq aksiyasına Elçin bəy başlayandan sonra hansı reaksiyalar veriləcək. Aksiyaya başlamasını istəmirik. 21 ildir Elçin bəy həbsdədir və onun cəzasının dəyişdirilməsi ilə bağlı müraciətlərinə belə baxılmır. Artıq bununla bağlı iş Avropa Məhkəməsinə gedib. Heç bir ciddi əsas olmadan həbsdəki üç OMON-çuya ağır cəzalar verilib. OMON-çuların hamısı buraxılıb, yalnız həmin üç şəxsdən başqa. Nə üçün bu üç şəxsin üzərində dayanıblar? Hər dəfə müalicə üçün müraciət edir, deyirlər ki, sənə müalicə olmaz. Niyə axı? Bu kimin tapşırığıdır? Elçin hansı ağır cinayəti törədib ki, onu müalicəyə belə göndərmirlər. Bu insanlığa, humanizmə sığmır”.


Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov təmsil etdiyi qurum barəsindəki ittihamlara belə cavab verdi: "İstər məhkumlar olsun, istərsə də həbs olunmuş şəxslər, hərtərəfli tibb xidməti ilə əhatə olunublar. Məhkumun səhhəti hər zaman diqqət mərkəzində olub, hansı cinayəti törətməsindən, hansı müddətə həbs olunmasından asılı olmayaraq. Elçin Əmiraslanov Penitensiar Xidmətin tabeliyindəki həbsxanada saxlanıldığı müddətdə daim səhhətinə ciddi diqqət ayrılıb. Penitensiar Xidmət olaraq, bu və ya digər məhbusun müalicəsinə heç zaman problem törətməmişik, bundan sonra da elə bir şey ola bilməz. Sizin qəzet və digər mətbu orqanlarda onun aclıq aksiyasına başlayacağının səbəbləri ilə bağlı müxtəlif məlumatlar gedib. Söhbət ondan gedir ki, onun saxlanma şəraiti və ona rəftarla bağlı həmin məhbusun heç zaman şikayəti olmayıb. Vaxtaşırı bu və ya digər anlaşılmazlıqlar olub ki, bu da onun öz səhvi ucbatından baş verib. Onu da deyim ki, məhbusların müalicəsi ilə Penitensiar Xidmət yox, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin mütəxəssisləri məşğul olurlar. Son illərdə istər Qobustan həbsxanası, istərsə də digər cəzaçəkmə müəssisələri olsun, məhbusların müalicələrinə dövlət tərəfindən böyük miqdarda vəsait ayrılıb, yeni avadanlıqlar alınıb, mütəxəssislər cəlb olunub. Bir daha deyirəm ki, onun müalicəsi, müayinəsi ilə bağlı heç bir problem yoxdur. Məhkumun aclıq aksiyası ilə bağlı qısaca qanunvericiliyin tələblərini deyim ki, məhkumun aksiyaya başlaması, yəni qidadan imtina etməsi əsaslandırılmalıdır. Burada əgər ciddi problem varsa, məhkum ərizə ilə saxlanıldığı müəssisənin rəhbərliyinə müraciət edir. Orada qidadan imtinasının səbəblərini soruşur və bundan sonra məhbus kütləsindən təcrid olunur, həkim nəzarətinə götürülür”.
Xatırladaq ki, hazırda həbsdə üç ömürlük OMON-çu məhbus qalıb. Bunlar haqqında bəhs etdiyimiz E.Əmiraslanov, Səfa Poladov və Arif Kazımovdur.