Şəfəqə Doğru » Gündəm » "Bank of Baku" müştərilərə tələ qurur - GİLEY

"Bank of Baku" müştərilərə tələ qurur - GİLEY

"Bank of Baku" müştərilərə tələ qurur - GİLEY
Bu gün ölkədə hamının başlıca bəlasına çevrilən, dincliyini əlindən alan, həyatını alt-üst edən, neçə-neçə insanın ömrünə balta çalan başlıca problemlərdən biri, bəlkə də birincisi banklar və onların kreditləridir. Elə bir ev, ailə tapmaq olmaz ki, bu ümummili bəladan öz nəsibini almasın. Dünyanın heç bir yerində rastlanmayan yüksək faizlər vətəndaşları banklardan asılı hala salıb. Min bir əziyyətlə qazandığı bir parça halal çörəyini də rahatlıqla yeməyə həsrət qalan insanları banklar zəlil gününə qoyublar.

Ölkədə fəaliyyət göstərən bankların əksəriyyəti 30-35 faizlə kredit verir. Digər tərəfdən kreditlərə tətbiq olunan əlavə xərclər (oxu: komissiya, sığorta haqqı) göstərilən faizlərdən əlavə hesablanır. Bu isə bankların verdiyi kreditin əslinə 40 faizə bərabər olduğunu göstərir.

Digər tərəfdən bankların kredit faizlərinin yüksək olması ölkə ərazisində fəaliyyət göstərən banklar arasında rəqabətsiz mühitin olmasından irəli gəlir. Rəqabət mühiti olmadığı üçün bu gün bütün banklar demək olar ki, eyni faizlə kredit təklif edir. Ekspertlər hesab edir ki, bank sektorunda rəqabətli mühitin yaranması üçün xarici bankların sərbəst şəkildə bazara daxil olması üçün şərait yaradılmalıdır. Ancaq bu halda bazarda rəqabətli mühit yarana və kredit faizləri aşağı düşə bilər.

2017-ci il mayın 1-dək 1 739,8 milyon manat kreditin ödəmə vaxtı keçib. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 11,8 faizini təşkil edib. Problemli kreditlərin həcminin 1,74 milyard manata çatması tarixi rekorddur. İndiyə qədər vaxtı keçmiş kreditlərin həcmi bu həddə çatmayıb.

Rubrika.Az bildirir ki, Azərbaycanda istehlak kreditləri sahəsində ən fəal və ən yüksək faizlər tətbiq edən "Bank of Baku”nun kredit siyasəti vətəndaşları çıxılmaz duruma salıb. Bu bank sanki müştərilərinə qarşı talançılıq yürüşünə çıxıb. Bankdan kredit götürən şəxs əslində intihar aktına qol çəkmiş olur. Çünki, "Bank of baku”nun borcundan çıxmağa bir ömür yetmir.

Kreditin illik faiz dərəcəsi 28-30 faiz, faktiki illik faiz dərəcəsi minimum 22,80, maksimum 36,19 faizdir. Yeni müştərilər üçün nəzərdə tutulan nağd kredit xəttinin minimum məbləği 250 manat, maksimum məbləği 1000 manatdır. Bu kreditin müddəti də 6 -12 ay, faiz dərəcəsi illik 28-32 faiz, faktiki illik faiz dərəcəsi 36,19 , maksimum 39,27 faizdir. Göründüyü kimi, faizlər 28 faizdən başlayır. Hələ bura müştərinin bankın onlayn səhifəsində rast gəlmədiyi, bankda tanış olduğu komissiya haqqını da əlavə etsən, minimum faizlər 32 faizdən başlayır. Bankın müştərilərə təqdim etdiyi daha bir kredit təklifi sonuncu ayın anutet ödənişinin hədiyyəsi ilə bağlıdır. Şərtlərə nəzər yetirəndə görürük ki, bank elə 6 ayda öz pulunu geri qaytarır. Belə ki, bu kredit xəttinin minimum məbləği 390 manat, maksimum məbləği 1300 manat, müddəti 13 aydır. Kredit gecikdirilmədən ödənildikdə FİFD – 35.07%, digər halda FİFD – 47.72%-dir. Kreditin rəsmiləşdirilməsinə görə komissiya haqqı 5 %, kreditin nağdlaşdırılmasına görə 1%, administrativ xərclər 4%, kreditin verilməsinə görə 13.07%-dir.

RUBRİKA.AZ bildirir ki, "Bank of Baku”nun çıxılmaz labirintlərindən olan, bala-bala ödədikcə bitməyən, adı "Bol kart” olsa da əslində rəsmən bir QUL kart olan taksit kartı müştərilərə əsl cəhəınnəm yaşadır. İllərlə ödənişlər edilsə də bitməyən, acı bağırsaq kimi uzanıb gedən bu kartlarla alış veriş etmək bilərəkdən özünü oda atmaq kimi bir şeydir.

"Bolkart”la al bala-bala ödə” deyən "Bank of Baku” 200 min nəfər istifadəçiyə heç də aşağı olmayan faizlər, şərtlər irəli sürür. Əvvəla, bildirək ki, balansında minimum 300 maksimum 5000 manat olan kartı pulsuz əldə etmək mümkündür. 36 ay müddətində kartla alış –veriş edib 1,3,6,12 aya qədər ödəniş aparılır. Bu bankın göstərdiyi müddətdir, amma müştəri nəinki 12 ay, illərlə ödəniş etsə də kredit bitmir ki, bitmir.

Adətən bayramlarda "Bolkart”ı nağdlaşdırma kompaniyası elan olunur. Bayramqabağı nağd pula ehtiyacı olanlar bu fürsətdən yararlansalar da sonradan bu "bayram əhval-ruhiyyəsi” bitmək bilmir.

Şərtlərə əsasən müvafiq aylarda pul çıxarışı edən "Bolkart” sahibləri növbəti ikinci ayın 10-dək faizsiz ödəniş imkanı qazanırlar. Nağdlaşdırmaya görə komissiya haqqı isə adətən 2,5 fazdir. Amma bayram ərəfəsində faizlər 3-ə qalxır. Görünür, istifadəçi sayının çoxluğu bankın komissiya haqqını qaldırmaqla bağı həvəsə gətirib. Lakin bu, məsələnin asan tərəfidir.Rubrika.Az-a "Bolkart”da vəsait nağdlaşdırılan zamanı borcun anuitet ödənməsi imkanı yaradılmır. Belə ki, bank əvvəldən 3 faiz komissiya haqqı tutmaqla bərabər, limit müddətində borcu ödəmədikdə əlavə aylıq 2.5-3 faiz alır. Məsələn, siz 250 manat nağdlaşdırmısınızsa, pul tam şəkildə qaytarılana qədər aylar üzrə hər 100 manata 3 faiz – 7.5 manat ödəniş edəcəksiniz. Bu vəsait əsas borcdan silinməyəcək. "Bank of Baku” konkret klassik sələmçi funksiyasını yerinə yetirir.

Nəticədə elə bir sistem qurulub ki, bankın müştəriləri sanki bir hörümçək toru ilə əhatələniblər. "Bolkart” üzrə illərlə faiz ödəyən müştərilər müddət bitəndən sonra banka yenidən borclu qalırlar. 500 manatlıq "Bolkart” üzrə banka 3 il ərzində hər ay pul ödəyən müştəri müddətin sonunda banka 650 manat borclu çıxır. Həmin borcu kreditə çevirən bank komissiya haqqı və faizləri də əlavə etsək müştərinin borcunu təqribən 800 manata qaldırır. Bu sadəcə insanları çapıb talamaqdır, orta əsrlər sələmçiliyidir. Xalq isə əlacsızcasına "Bank of Baku”nun talançılığına boyun əyir.