Şəfəqə Doğru » Gündəm » Ayaz Mütəllibov: “Verin Ağdamı da, qoy camaat qaçsın – məqsədinizə nail olun...”

Ayaz Mütəllibov: “Verin Ağdamı da, qoy camaat qaçsın – məqsədinizə nail olun...”

Ayaz Mütəllibov: “Verin Ağdamı da, qoy camaat qaçsın – məqsədinizə nail olun...”
"Əgər bu tədbirlərin hamısını ssenari şəklində məni vəzifədən götürmək üçün təşkil etmisinizsə, bu, kişilkdən deyil...”


"Bu gün hökmən Prezident burada istefasını elan etməlidir. Budur ən vacib məsələ, Qarabağ məsələsi deyil...”

Yuxarıdakı sözlər 1992-ci il martın 5-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında iştirak etmiş deputatlar, digər şəxslərə, eləcə də, həmin iclasın müəyyən kadrlarının nümayişini televiziyada görmüş şəxslərə yəqin ki, tanışdır... 26 il öncə o iclasda baş verənləri görənlərin və ya eşidənlərin, o vaxtkı Prezident Ayaz Mütəllibova və ya onu hakimiyyətdən devirməyə çalışanlara ümid bəsləyənlərin xeylisi sonradan öz torpaqlarından didərgin düşərək bu gün, artıq 25-26 ildir özgə qapılarında, yataqxanalarda və s. öz yurdlarına – Qarabağa qayıtmaq ümidi ilə yaşayanlardır...

Moderator.az bu gün və gələcəkdə oxşar səhvləri təkrarlamamağımız üçün keçmişdəki səhvimizi-düzümüzü bir daha saf-çürük etmək, ələkdən keçirtmək məqsədilə 1992-ci ilin mart-may aylarında Azərbaycan parlamentində baş verələrin xronikasını həmin iclasların iştirakçısı olmuş sabiq deputat Maksim Musayevin "Milli Şura parlamenti” kitabında yazdıqları əsasında təqdim edir.

(Xronikanın əvvəli üçün bu linkə bax: moderator.az/news/216016.html)

Bu dəfə o dövrdə respublika Prezidenti olan Ayaz Mütəllibovun 1992-ci il martın 5-də Ali Sovetdəki çıxışını yadınıza salmaq istəyirik.

"...Prezident çox həyəcanlı və əsəbi halda dedi:”...Əgər bu tədbirlərin hamısını səhnəcik kimi, ssenari şəklində məni buradan- vəzifədən götürmək üçün təşkil eləmisinizsə, bu, kişilikdən deyil. Mənim əlimdə hamınızı məsuliyyətə cəlb etmək səlahiyyəti var... Nə bağırırsan, Arif Hacıyev, qazını göstərmə! Verin Ağdamı da, qoy camaat qaçsın, Mütəllibovu götürün – məqsədinizə nail olun... Siz elə bilirsiniz ki, heç nə bilmirik. Hər şeydən xəbərim var... Bu təxribat nə cür hazırlanıb, niyə bu sessiya çağırılıb. Bəsdir!.. Açıq deyəcəyəm və deyərəm, dəhşətə gələrsiniz... Siyasətbazlıqla məşğul olmaq olmaz. Mən bu vəzifədə bəlkə də qan qusuram. Əl çəkin! Olmaz axı qarşıdurmanı belə süni surətdə törətmək. Abır-həya olmalıdır, eyibdir, əynimizə şalvar geymişik...

Mən özümə bəraət qazandırmaq istəmirəm, qüsurlar da var, nöqsanlar da. Mən humanist adamam... Bəli, Moskvanın əli var. Tutalım ki, mən buradan getdim, mənim əvəzimə alayı adam gəldi. Moskva ilə çox qəşəng danışacaqsınız, barışığa siyasi yolla gedəcəksiniz. Amma mənə macal vermirsiniz. Hələ sakit günlərdə uşaqlarımız hərbi xidmətdən imtina edib, rüşvətxorluq da hər yeri, hərbi komissarlığı da basıb...

4-cü ordu bizdə qalmalıdır. Bu, müvəqqəti bir şeydir. NATO kimi ordudur. İndi biz onu əlimizə alsaq, texnikasız, kadrlarsız neyləyəcəyik həmin ordu ilə? Axı niyə siz bunu anlamaq istəmirsiniz? Burada nə satqınlıq var?

...Müstəqillik nə deməkdir? Müstəqilliyin rəmzi nədir? BMT-yə üzv olmaq, səfirliklər yaratmaq, diplomatik əlaqələr qurmaq, azad iqtisadiyyata girmək – bunların hamısı bizdə var. Hara tələsirik? Burada çıxış edən yoldaşlar düz deyirlər ki, nə müharibə edə bilirik, nə səriştəmiz var, nə təcrübəmiz – bunu etiraf etməliyik. Xoruz kimi banlayanlar, Qarabağı görməyənlər Qarabağdan danışır. Qulaq asın, sakit olun. Burada açıq-aşkar Prezidenti xalq düşməni edirlər, demokratiyadan danışırlar...
Bəli, tarixi fürsət gəlib çatdı. Bu gün hökmən Prezident burada istefasını elan etməlidir. Budur, ən vacib məsələ, Qarabağ məsələsi deyil... Mənim heç yerdə pulum yoxdur. Bilmirəm İsgəndər bəy bunu haradan götürüb? 

Şəhər və kəndlərimizi qaytaracağıq. Özünümüdafiə dəstələri təşkil etmişik, ordumuz da olacaq... Mütləq gərək inqilabı Rumıniya və Tiflis variantı eləyək?..”

(Davamı var)
Təqdim etdi: Sultan Laçın