Şəfəqə Doğru » Gündəm » İnformasiya ombudsmanı müstəqil olmalıdır - Reaksiyalar

İnformasiya ombudsmanı müstəqil olmalıdır - Reaksiyalar

İnformasiya ombudsmanı müstəqil olmalıdır - Reaksiyalar
Ötən gün Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda Azərbaycanın İnsan haqları üzrə müvəkkilinin 2017-ci üzrə hesabatı təqdim olunub. Hesabatın müzakirəsi zamanı Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov çıxış edərək məruzədə ombudsmanın ümumi fəaliyyəti ilə bağlı dolğun məlumatın əksini tapdığını bildirib. Bununla yanaşı, o, təəssüflə vurğulayıb ki, belə müsbət fikirləri məruzənin informasiya əldə etmək azadlığı bölməsi ilə bağlı söyləmək qeyri-mümkündür: "Görülən işlərdən söhbət açmaq əvəzinə, burada ümumi xarakterli köhnə məlumatlar, təkrar tövsiyələr yer alıb. Mən ötən il müvəkkilin hesabatı müzakirə olunan zaman bildirmişdim, yenə də həmin fikrimin üstündə qalıram. Nə qədər ki, ombudsman məlum qanunun tələblərindən irəli gələn vəzifələri tam yerinə yetirə bilmir, belə də olacaq. Söz və ifadə azadlığının dərinləşməsi demokratik cəmiyyət quruculuğunun əsas şərtidir. Cənab prezident İlham Əliyev bunu dönə-dönə vurğulayıb. Dövlət bu istiqamətdə olan proseslərə hər zaman böyük önəm və dəstək verib. Belə olan halda müvəkkilin informasiya əldə etmək haqqında qanundan irəli gələn tələblərini yerinə yetirmək resursunun olmamağı təəccüblüdür. Artıq neçə ildir ki, hesabatda ombudsmanın bu istiqamətdə strukturunun təkmilləşməsi, bu məqsədlə ştat və maliyyənin ayrılması üçün Nazirlər Kabinetinə və Maliyyə Nazirliyinə müraciətindən bəhs olunur. Necə ola bilər ki, bu müraciətlər cavabsız qalsın? Məsələ ciddi şəkildə öyrənilməlidir”. 

Əflatun Amaşovun ombudsmanın hesabatına iradlarını nəzərə alaraq media ekspertlərinin də bu məsələ ilə bağlı fikirlərini öyrənməyə çalışdıq.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədr Yadigar Məmmədli deyilən iradlar əslində yeni olmadığı, uzun müddətdir ki, səsləndirildiyini bildirdi: "2005-ci ildə "İnformasiya azadlığı haqqında” qanun qəbul edilən zaman onun böyük bir fəsli media ombudsmanın yaradılmasına həsr olundu. Amma təəssüf ki, bu iş 2009-cu ilə qədər yerinə yetirilmədi. Və həmin il bu funksiya Elmira xanımın rəhbərlik etdiyi insan hüquqları üzrə ombudsmana həvalə edildi. İşin genişliyinin, spesifikliyinin müəyyən çətinliklər yaradacağını bilirdik. Biz informasiya sahəsində ombudsmanının ayrı olmağının tərəfdarı idik. Və ona görə də bu qərara qarşı çıxdıq. Çünki bu sırf jurnalistika ilə bağlı deyil. Bizim hər bir vətəndaşımız informasiya əldə etmək hüququna malikdir və bu, qanunda da öz əksini tapıb. Yəni dövlət qurumları həmin şəxslərə informasiya verməlidir. Amma çox təəssüf ki, bəzi məqamlarda qurumlar informasiya verməkdən yayınır”. 

Müsahibimiz jurnalistlərin informasiya əldə etməklə bağlı problemlərinin olduğunu qeyd etdi: "Hamıya məlum məsələdir ki, jurnalistlərin informasiyanı ilkin mənbədən əldə etmək imkanları çox məhduddur. Bir sıra qurumlar jurnalistlərə açıq deyillər. Yaşanan bu və ya bu kimi problemlər mütləq surətdə öz həllini tapmalıdır. Cənab prezident də bununla bağlı dəfələrlə fikir bildirib. Ona görə də biz istəyirdik ki, ayrıca bir qurum yaradılsın. İnformasiya sahəsində ayrıca bir müvəkkilin olması işin xeyrinə olardı. Elmira xanımın da son hesabatındakı fikirlər informasiya sahəsində olan bütün nüansların hamısını əhatə etmirdi. Belə ki, bu sahədə yaşanan problemlər orada qaldırılmadı, görülən işlərdən danışılmadı. Bu baxımdan düşünürəm ki, müəyyən tənqidlər olmalı idi. Mətbuat Şurasının sədri Əflatun bəyin fikirləri də çox yerində bildirilmiş iradlar idi. Şəxsən mən də onunla həmfikirəm. Çünki təcrübə göstərir ki, ombudsmana həvalə edilən bu iş kifayət qədər keyfiyyətli görülmür. İşin keyfiyyətli görülməsi üçün ayrıca bir quruma ehtiyac var. Təbii ki, yeni qurumun yaradılması üçün ilk olaraq qanunvericilik bazası olmalıdır. "İnformasiya azadlığı haqqında” qanunda ombudsmanla bağlı olan həmin fəsil yenidən yerinə qaytarılmalıdır. Yalnız bundan sonra qanunvericilik əsasında müəyyən addımlar atmaq olar. Hazırda texnika və texnologiyanın inkişaf etdiyi, informasiyanın operativ şəkildə yayıldığı bir zamanda belə bir quruma mütləq şəkildə ehtiyac var. Məncə, artıq bu qurumun yaradılmasının zamanı çatıb. Həmin qurum yaradılarsa, informasiya sahəsində yaşanan bir çox problemlər də öz həllini tapar”.

Mətbuat Şurası sədrinin müavini, media eksperti Müşfiq Ələsgərli deyir ki, əslində Əflatun müəllimin çıxışını irad yox, təklif kimi qiymətləndirmək daha məqsədəuyğundur: "Yəni təkcə Əflatun Amaşovun yox, hamımızın düşüncəsi bu istiqamətdədir. Bildiyimiz kimi, 2005-ci ildə "İnformasiya əldə etmək haqqında” qanun qəbul edildi. Həmin qanun nəinki ölkəmizdə, həmçinin Avropa məkanın bu sahədə qəbul olunan ən yaxşı qanunvericilik aktlarından biridir. Qanun təkcə jurnalistlərin deyil, bütün vətəndaşların informasiya əldə etmək hüququnu tənzimləyir. Qanunda çox haqlı olaraq nəzərə alınıb ki, informasiya verməli olan orqan məlumatı verməkdən imtina edərsə, gecikdirərsə müəyyən məsuliyyətə cəlb olunacaq. Yəni belə deyə bilərik ki, qanun və dövlət qurumların üzərinə informasiya vermək öhdəliyi qoyub. Əgər qurum bu öhdəliyi yerinə yetirməzsə, buna görə məsuliyyət daşıyır. Həmin məsuliyyəti də müəyyən edən orqanlardan biri də informasiya ombudsmanıdır. Qeyd etdiyim qanunda göstərilirdi ki, informasiya ombudsmanı informasiya əldə etmək istəyən tərəfin hüquqlarını tənzimləyir. Kiminsə bu hüququ pozularsa, ombudsman dərhal müdaxilə edib məsələlinin həlli istiqamətində müəyyən tədbirlər həyata keçirməlidir. Həmçinin qanunda nəzərdə tutulmuşdu ki, informasiya ombudsmanı müstəqil bir qurum kimi yaradılmalıdır. Amma çox təəssüf ki, 2009-cu ildə gözlənilmədən qanunda dəyişiklik edildi. Və dəyişikliyə əsasən, müstəqil qurum yaradılması yerinə, onun səlahiyyətləri insan hüquqları üzrə ombudsmana verildi. Lakin ombudsman aparatı bu sahədəki işləri idarə etmək üçün lazım olan mexanizmi qura bilmədi. Bu məsələ ilə bağlı dərc olunan yazıları oxudum. Bəziləri məsələni yanlış qiymətləndirərək Əflatun müəllimin Elmira xanımı ittiham etdiyini zənn edib. Amma burada söhbət konkret olaraq Elmira xanımın işindən getmir. Bu xanım öz işini kifayət qədər lazımı səviyyədə həyata keçirir. Lakin bu sahə o qədər genişdir, dövrümüzdə o qədər informasiya bolluğu yaşayırıq ki, onu hansısa başqa bir qurumun tərkibinə calayıb iş görmək çətin məsələdir. Ötən 8 ildəki təcrübə də bunun bariz nümunəsidir. Bu sahədə olan boşluğun əsas qaynağını tapıb, məsələni həll etmək lazımdır. Bunun üçün də informasiya ombudsmanına böyük ehtiyac var. Çünki hazırda bu sahədə mövcud olan problemlərin həlli birbaşa olaraq informasiya ombudsmanının səlahiyyətlərinə daxildir”.

Ekspert həmçinin qeyd etdi ki, bu qurumu yaratmaq üçün ilkin olaraq qanunu dəyişmək lazımdır. Hansı ki, 2005-ci ildə necə qəbul olunmuşdusa, elə həmin varianta qaytarmaq və icrasına nail olmalıyıq. \\kaspi.az\\