Fəqət bunlarla yanaşı kişilərə haram, qadınlara da halal buyurulan bəzi zinət əşyaları vardır. Kişilərə haram olan zinət əşyaları qızıl və ipək paltardır. Əli ibn Abu Talib (r.a) rəvayət edilən bir hədisdə Rəsulullah belə buyurmuşdur: «Peyğəmbər (s.a.s) ipəyi sağ əlinə, qızılı da sol əlinə alaraq buyurdu: "Bu ikisi ümmətimin kişilərinə haramdır."» (ət-Tirmizi, Libas 1; İbn Macə Libas 19)
Bir gün Peyğəmbər (s.a.s) bir adamın əlində qızıl üzük gördüyü zaman onu çıxardıb atdı və buyurdu ki: «Sizdən hər hansı biriniz atəş parçasını barmağına taxmağa razı olarmı heç?» Rəsulullah (s.a.s) oradan uzaqlaşdıqdan sonra həmin adama dedilər: «Üzüyü götür ondan faydalan». Həmin adam cavab verdi: «Rəsulullah (s.a.s) onu atdıqdan sonra vallahi onu götürmərəm» (Müslim, Libas 52)
Fəqihlərə (İslam hüquqşünasları) görə qızıl qələm, saat, yandırıcı və s. haram buyrulmuşdur. Gümüş üzük istifadə etmək isə müsəlmanlara halal buyurulmuşdur.
Abdullah İbn Ömərdən rəvayət edilən bir hədisdə belə deyilir: «Rəsulullah (s.a.s) gümüşdən bir üzük düzəltdirmiş və barmağına taxmışdır» (Əbu Davud, Hatəm 4; ət-Tirmizi Libas 43).
İslam qızılı kişilərə haram qılmaqla əxlaqi və tərbiyəvi bir hədəfə yönəlmişdir. İslam kişinin, qürurunun qorunmasının, kimsənin qarşısında əyilməsinin doğru olmadığını bildirmişdir. Kişinin də qadınlar kimi öz zinət əşyaları ilə öyünməsi onu başqalarının yanında gözdən salır.
Qızılın kişiyə haram buyurulmasının başqa bir səbəbi də vardır:
Qızıl əşyalarının daha çox istifadə olunması iqtisadi cəhətdən də sərfəli deyil. Bu da nəticədə israfa gətirib çıxarır. İslamın nəzərində israf, millətləri həlak edən, iqtisadi cəhətdən onları geridə qoyan bir amildir. İsraf xeyirli və doğru bütün yolların, prinsiplərin düşmənidir. Quran Kərimdə deyilir:
«Biz bir məmləkəti məhv etmək istədikdə (peyğəmbərlərin dili ilə) onun naz-nemət içində yaşayan başçılarına (Allaha itaət etməyi, iman gətirməyi) əmr edərik. Lakin onlar (Allaha asi olub) pis-pis işlər törədərlər. Beləliklə, (o məmləkətə əzab verilməsi haqqındakı) hökm vacib olar və onu yerlə yeksan edərik.» (əl-İsra 17:16).
İslam dini müsəlmanların həyatındakı bütün israfları haram qılmışdır. Kişilərə qızıl və ipəkdən istifadə etməni qadağan etdiyi kimi, bütün müsəlmanlara qadın və kişilərə hamısına qızıl və gümüş qablardan istifadə etməyi də haram etmişdir.
Belə ki qızıl dünya
bazarlarında ən önəmli bir maddədir. Ona bu qədər tələbat onun qiymətini
daha da qaldırır ki bu da müəyyən dərəcədə alıcılara sərf etmir.
İnsanlar da müəyyən ehtiyacları üçün onu əldə etmək istədikdə (məsələn
mehr və ya nişan) üçün çox baha qiymətə almaq məcburiyyətində qalırlar.
Bütün bunlar göz önünə alınaraq kişilərin qızıldan istifadə etməsi
haram buyurulmuşdur.(azerislam.com)
Nicat Novruzov