Uzun illərdir ki, Azərbaycanda dəfn və yas mərasimləri təmtəraqlı bir
hala gətirilib. Vəfat edənlərin yaxınları ehsan süfrələri açarkən
qonşularından geri qalmamaq üçün daha yaxşısını etməyə can atırlar.
Doğrudur, bir müddət öncə yas mərasimlərində israfçılığın aradan
qaldırılması ilə bağlı müəyyən addımlar atıldı, amma sonra yenidən
əvvəlki vəziyyətə qayıdıldı. Verilən tövsiyələr unuduldu.
Hətta
respublikanın müxtəlif yerlərində bəzi şadlıq evləri artıq funksiyasını
dəyişib. Şadlıq evləri mərasim salonlarına çevrilir.
Məsələ ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Fazil Mustafa Modern.az saytına açıqlama verib.
Deputat bildirib ki, şadlıq evləri yalnız mərasim zallarına çevrilsə dərd yarıdır.
"Dəbdəbəli yas mərasimlərinin keçirilməsi bizim milli adət-ənənəmizdir. Amma bu, mənasız bir ənənədir. İnsanların dinlə bağlı təsəvvürlərinin doğru olmamasından qaynaqlanan bir ənənədir. Ona görə də bu halları ortadan qaldırmaq hələ ki, mükün olmur. Cəmiyyətimiz şöhrətpərəst cəmiyyətdir. Hətta onun-bunun müqayisəsində özünün həyatını qurmuş cəmiyyətdir. Ona görə də bu cəmiyyətin yası da, toyu da belə olmalıdır . Çünki insan öz həyatının mənasını, özünə faydalı olanı bilmirsə, bunu qanunla bildirmək mümkün deyil”.