Bakı və
ölkənin digər rayon və şəhərlərinin elektrik enerjsi ilə təchizatında
fasilənin yaranmasına gətirib çıxaran qəzanın ilkin səbəbi açıqlanıb.
"Azərenerji" ASC-dən verilən məlumata görə, "Azərbaycan" İES-in
tərkibinə daxil olan yarımstansiyalardan birində qəzanın baş verməsinə
son günlər havaların kəskin isti keçməsi səbəb olub.
Bildirilir ki, qəza yarımstansiyanın soyutma sistemlərində yaranan
nasazlıqla əlaqədardır. Havaların kəskin isti keçməsi həmin soyutma
sistemlərinin fəaliyyətinə mənfi təsir göstərib. Nəticədə qəza baş
verib.
Qeyd edək ki, Mingəçevir şəhərində fəaliyyət göstərən ölkənin ən
böyük elektrik stansiyası olan Azərbaycan İES 6-cı enerji blokunda
partlayış baş verib və yanğın olub. FHN-nin Mingəçevir və ətraf
rayonlardan olan yanğından mühafizə hissələri hadisə yerinə cəlb olunub.
Həmin blok enerji istehsalı ilə məşğul olur və paylayıcı stansiyalara
enerji ötürür. Yanğın məhz bu blokda baş verib.