"Mingəçevirdəki
"Azərbaycan İES”-da baş verən hadisə həmçinin "Azərenerji” ASC-nin
statusunun dəyişdirilməsi və çevik idarəetmə mexanizminin
formalaşdırımasını da aktuallaşdırır. 2017-ci ildə "Azərenerji” enerji
satışından 1 milyard manatdan artıq gəlir əldə edib. Bu o deməkdir ki,
vətəndaşlar və eləcə də iş adamları sözügedən quruma il ərzində belə
böyük məbləğdə ödəniş ediblər”.
Bunu iqtisadçı Vüqar Bayramov yazıb. O, bildirib ki, qurumun enerji satışından əldə etdiyi gəlirinin
yalnız ötən il 25.2 faiz artmasına baxmayaraq "Azərenerji”nin zərəri
602,873 milyon manat olub. Halbuki 2016-ci ildə adıçəkilən cəmiyyətin
zərəri cəmi 108,928 milyon manat idi. "Maraqlıdır ki, 2016-cı ildə
"Azərenerji”nin elektrik enerjisi satışından əldə etdiyi gəliri 807
milyon manat olub. Yəni, 2017-ci ildə "Azərenerji”nin elektrik enerjisi
satışından əldə gəlirinin əvvəlki illə nisbətən 200 milyon manata yaxın
artmasına baxmayaraq, qurumun zərəri ötən il 6 dəfə çoxalıb”.
V. Bayramov qeyd edib ki, "Azərenerji” ASC eyni zamanda ən çox
xarici borcu olan səhmdar cəmiyyətlərindədir: "Cəmiyyətin hazırda 1
milyard 951 milyon manat kredit və borc vəsaitləri üzrə öhdəliyi var.
Bununla yanaşı, ticarət və digər kredit borcları üzrə öhdəiyi də 470
milyon manatdan çoxdur. Bütövlükdə isə cəmi kapitalı 1 milyard manatdan
bir az atıq olan "Azərenerji”nin yığılmış zərəri 2 milyard 123 milyon
manata çatıb".
İqtisadçı bildirib ki, bundan başqa, sözügedən qurum dövlətdən ən
çox maliyyə dəstəyi alan təşkilatlardandır. 2018-ci ilin dövlət
büdcəsinə dəyişiklər edilərkən "Səngəçal” modul tipli elektrik
stansiyasının yaxınlığındakı sahədə tikintisi nəzərdə tutulan 385
meqavatlıq istilik elektrik stansiyası üçün avadanlıqların
satınalınmasının həyata keçirilməsi və bununla bağlı texniki dəstəyin
göstərilməsi ilə əlaqədar imzalanmış müqavilələr üzrə Finlandiyanın
"Wartsila” şirkəti qarşısında yaranmış öhdəliyə görə qalıq borcun
ödənilməsi ilə əlaqədar "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə
kapitalının artırılması üçün 81.4 milyon manat vəsait ayrılıb.
Dövlət Neft Şirkəti tərəfindən idxal olunan təbii qazın
"Azərenerji” Açıq Səhmdar Cəmiyyətinə müqavilə dəyərindən aşağı qiymətə
satışına görə yaranmış zərərin örtülməsi üçün dövlət büdcəsindən 300
milyon manat subsidiya olmaqla vəsait ayrılıb: "Göründüyü kimi,
"Azərenerji” ASC-ə böyük həcmdə maliyyə dəstəyinin olmasına baxmayaraq,
qurum ən borclu təşkilatlar siyahısındadır və son 2 gündə baş verənlər
də göstərir ki, elektrik sistemdə modenləşdirmə problemi var. Buna görə
də, sözügedən qurumun sağlamlaşdırılmasl ilə yanaşı bu sektorda
şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizənin
gücləndirilməsinə ciddi ehtiyac var.