Şəfəqə Doğru » Gündəm » "Jurnalist kimdir ki, mənə zəng etsin?" deyən direktordan təkzib

"Jurnalist kimdir ki, mənə zəng etsin?" deyən direktordan təkzib

"Jurnalist kimdir ki, mənə zəng etsin?" deyən direktordan təkzib
Bakı şəhəri Binəqədi rayonu Q.Baxşıyev adına 179 N-li tam orta məktəbdə narazılıq yaranması ilə bağlı məlumat vermişdik. 

Bu barədə femida.az-a müraciət edən Sabirə Mahmudova bildirib ki, məktəbin iki korpusu var. Bu isə şagirdlərin və valideynlərin əlavə əziyyətinə səbəb olur: "Məktəbin köhnə korpusu ilə təzə binası arasında iki dayanacaq məsafə var. İbtidailər köhnə korpusda, yuxarı sinif şagirdləri isə təzə binada təhsil alır. Bu isə valideynlərin və şagirdlərin əlavə əziyyətinə səbəb olur. Mənim də həmin məktəbdə nəvələrim oxuyur. Hər gün onları aparmağa və gətirməyə uzun vaxt itkimiz olur. Yeni tikilən bir məktəbdə niyə iki fərqli məkanlarda korpus olmalıdır ki? Bu il birinci sinfə gedən nəvəm Qasımzadə Ramal-Ruatın ibtidai sinif müəllimindən narazıyam. Bununla bağlı məktəbin direktoru Bəyaz xanımla danışdıq. Əvvəlcə məsələ ilə bağlı bizə kömək edəcəyi və uşağın başqa sinfə keçiriləcəyini bildirmişdi. Vaxt getdikcə fikrindən daşındı. Onunla görüşə gedəndə mənə kobud şəkildə bildirdi ki, məktəbi deputat Hacı Madər tikdirib. Ona minnətdar olub, dua etməliyik. Bu söz mənə çox toxundu. Direktora bildirdim ki, dövlət, nazirlik olduğu halda Hacı Madər niyə məktəb tikdirsin? Bu söz direktorun xoşuna gəlmədi. Bundan sonra mənimlə münasibəti pisləşdi. Biz ibtidai sinif müəlliminin təhsil vermə səviyyəsindən narazıyıqsa, şagirdin sinfini dəyişdirmək bizim hüququmuzdur. Burada nə böyük problem var ki, direktor bunu etməsin?".

Jurnalist məsələ ilə bağlı 179 N-li tam orta məktəbin direktoru Bəyaz Novruzova ilə əlaqə saxlamaq istəyib. Ancaq direktor jurnalistin sualını cavablandırmaq əvəzinə, "jurnalist kimdir ki, ona cavab verim" cavabını katibəsi vasitəsi ilə femida.az-ın əməkdaşına çatdırıb. 

Məsələ ilə bağlı 179 nömrəli tam orta məktəb bu gün açıqlama verib. Qaynarinfo-ya göndərilən açıqlamada qeyd olunur ki, 1930-cu ildə inşa olunmuş məktəbdə son illər 2800 nəfərdən çox şagird 2 adi, 2 aralıq növbədə təhsil alıb. "Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafına dair dövlət proqramı”na əsasən, məktəbə 2018-2019-cu tədris ili üçün 1416 şagird yerlik yeni  korpus inşa edilrək istifadəyə verilib: 

"2018-2019-cu tədris ilindən dövlət qayğısı sayəsində yaradılmış imkanlar məktəbdəki sıxlığın aradan qaldırılmasına şərait yaradıb. Tədris prosesinin daha səmərəli təşkili baxımından ibtidai və yuxarı sinif şagirdlərinin ayrı-ayrı binalarda təhsil alması məqsədəuyğundur. Odur ki, I-IV sinif şagirdləri  məktəbin köhnə korpusunda, V-XI sinif şagirdləri isə yeni tikilmiş korpusda yerləşdirilib. Qeyd edək ki, iki korpus arasındakı məsafə cəmi 600 metr təşkil edir. 

Vətəndaş Sabirə Mahmudova məktəb rəhbərliyinə müraciət edərək nəvələrinin eyni korpusda təhsil almasını xahiş edib. Ona tədris prosesinin daha səmərəli təşkili baxımından bunun mümkün olmadığı izah edilib.

Onu da qeyd edək ki, S.Mahmudovanın nəvəsi elektron qeydiyyatdan keçərək 1p sinfinə (rus bölməsi) qəbul olunub. Həmin sinifdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilmiş Müəllimlərin İşə Qəbulu müsabiqəsinin nəticələrinə əsasən, Yaqut Elşad qızı Məsimova 15.09.2018-ci tarixdən ibtidai sinif müəllimi vəzifəsində işləyir. Həmin sinifdə hazırda 21 nəfər şagird təhsil alır. I siniflərə uşaqların elektron qeydiyyatı valideynlərin seçimi əsasında  aparıldığı üçün 1p sinfini məhz S.Mahmudova  özü seçib. Buna baxmayaraq, S.Mahmudova əsassız olaraq təkidlə tələb edir ki, nəvəsi 1r sinfində oturmalıdır. S.Mahmudovaya izah olunub ki, həmin sinifdə isə şagird sayı çox olduğundan bu mümkün deyil.

Sentyabrın 26-da media təmsilçisi olduğunu bildirən şəxs məktəbin əlaqə telefonuna zəng vuraraq katibə ilə əlaqə saxlayıb. Həmin şəxsə direktorun yeni inşa olunmuş tədris korpusunda olduğunu bildirilib. Jurnalistə qarşı heç bir kobud rəftar olunmayıb. Odur ki, məktəb rəhbərliyi adına əsassız fikirlərin səsləndirilməsi və qarşı tərəfin mövqeyi öyrənilmədən məsələnin ictimailəşdirilməsi təəssüf doğurur".