"Jasmin” oteli açıldığı ilk gündən etibarən öz otaqlarını "intim macəra” həvəskarlarına təqdim etməyə başlamışdır.
Mövzuya dair qəzetimizdə dərc etdiyimiz materiallarda biz dəfələrlə belə bir faktı vurğulamışıq ki, son zamanlar ölkəmizin sevilən turizm mərkəzlərindən birinə çevrilməsi fonunda, beynəlxalq standartlara cavab verən kafe və restoranlar şəbəkəsinin, eləcə də otellərin inkişaf etdirilməsi iqtisadi baxımdan zəruridir. Lakin biz hər dəfə belə bir həqiqəti də diqqət mərkəzinə çəkmişik ki, prosesin müvafiq instansiyaların ciddi nəzarəti altında deyil, kortəbii şəkildə həyata keçməsi halları çox zaman ciddi ictimai fəsadlara yol açır.Shafaqadogru.com bizimdovr.az-a istinadən xəbər verir ki, hər bir halda obyektin yerləşəcəyi məkanın düzgün seçilməsindən başlayaraq, müştərilərə göstəriləcək xidmətlərin xüsusiyyətləri və təklif olunacaq ərzaqların keyfiyyətinə qədər bütün məqamlarda son dərəcə böyük diqqət və səriştə tələb olunur. Həmçinin fəaliyyət göstərən obyektlərdə peşəkar, ixtisaslı və həm fiziki, həm də mənəvi baxımdan sağlam personalın təyin olunması kimi məsələlər də optimal həllin tapılması üçün peşəkar yanaşma tələb edir. Əlbəttə ki, bu saydıqlarımız görüləsi işlərin heç də tam siyahısı deyildir. Lakin, onlardan hər hansı birinə əməl olunmayacağı təqdirdə sonda çox xoşagəlməz hadisələrlə, hətta ictimai təhlükəli təzahürlərlə qarşılaşmaq olar. Belə təzahürlərdən biri də ictimai iaşə obyekti adı altında pərdələnərək fəaliyyət göstərən əxlaqsızlıq yuvalarının sayının son zamanlar artmasıdır. Məlumdur ki, əsrlər boyunca istənilən ictimai-siyasi quruluşda "ən qədim peşə” sahiblərinin xidmətlərinə tələbat daima olub və bundan sonra da bu sahədə qarşılıqlı münasibətlərin hansısa dəyişikliklərə məruz qalacağı ehtimalı çox azdır. Lakin istənilən halda fahişəliyi şaxələnmiş biznes fəaliyyəti kimi təşkilatlandıran və bu məqsədlərlə təcrübəsiz gənc qızları belə əxlaqsızlığa sövq etməkdən çəkinməyən insanlara qarşı mübarizə bütün sivil cəmiyyətlərdə qətiyyətlə aparılır. Bu problem bizim də hər zaman diqqət mərkəzində saxlamağa çalışdığımız mövzulardandır. Bu günlərdə yeni daxil olmuş növbəti məlumatda isə, bu kimi əxlaqsızlıq yuvalarından birinin də paytaxtın Nəsimi rayonu, Mirzə İbrahimov 23-27 ünvanında yerləşən "Jasmin” otelinin olduğu bildirilir. Mərkəzi Univermağın yaxınlığında, daha çox "yəhudi məhəlləsi” kimi tanınan ərazidə inşa olunmuş bu iki mərtəbəli "otelin” fəaliyyəti ətraf binalarda yaşayan sakinləri son dərəcə narahat etməkdədir. Otelin reklam lövhəsində əks olunmuş "sağlamlıq-massaj salonu” sözləri isə, sanki şifrəli bir çağırış kimi xüsusi müştəriləri bu məkana cəlb etməkdədir. Məlum olduğu kimi bu tip "massaj salonlarına” cəlb olunan qızların əksəriyyəti ümumiyyətlə tibbi massajın nə olduğundan və onun hansı üsullarla həyata keçirildiyindən tam bixəbərdirlər. Əgər müştəri salona intim xidmət deyil, məhz massaj seansı almaq niyyəti ilə gəlmişdirsə, bu zaman personal sadəcə bel ovxalamaqla işini bitmiş hesab edəcəkdir. Aldığımız məlumatlarda bu salonlarda müəyyənləşirilmiş "xidmət haqları” bərədə də açıqlama verilir. Bildirilir ki, bir "seans”a görə müştəri salona 50 manat pul ödəyir. Bu puldan 20 manat bilavasitə "intim xidmət” göstərən qıza verilir, 30 manat isə salonun kassasına daxil olur. Mənbələr iddia edirlər ki, "Jasmin” oteli açıldığı ilk gündən etibarən öz otaqlarını eyş-işrət macəraları həvəskarlarına təqdim etməyə başlamışdır. Daha sonra məlumatlarda bildirilir ki, hal-hazırda bu oteldə intim tələbatlar üçün təklif olunan otaqlara görə müəyyənləşdirilmiş qiymətlər də "orta şəhər qiymətləri”nə uyğundur. Belə ki, "Jasmin” otelində bu məqsədlə otaqlar, komfortundan asılı olaraq, 10-12 saatı 40 manatdan 100 manatadək qiymətə verilir. Artıq qeyd olunduğu kimi bu cür "priton”ların fəaliyyəti ilk növbədə ölkə qanunvericiliyinə tamamilə ziddir. Bununla belə, əksər hallarda biz hətta hüquq-mühafizə orqanlarının da onların fəaliyyətinin qarşısının alınması üçün kifayət qədər səy göstərmədiklərinə şahid oluruq. Elə Nəəsimi Rayon Polis İdarəsinin əməkaşları da "Jasmin” otelində baş alıb gedən rüsvayçılığa hələ ki, göz yummağa üstünlük verirlər.